27 sentyabr 2010 21:25
Vinfrid Şefer: Oyuna bir az əsəbi çıxmışdıq
Bu gün Azərbaycan çempionatının 7-ci turunun təxirə salınmış "Bakı" – "Turan" oyunu keçirildi (3:1). Azerisport.az PFL-ın rəsmi saytına istinadən xəbər verir ki, görüşdən sonra komandaların baş məşqçiləri öz fikirlərini bildirdilər.
"Komandamın bu gün göstərdiyi oyundan narazı qaldım. İlk hissənin son 10 dəqiqəsində və II hissənin ilk 20 dəqiqəsində komanda bərbad oyun göstərdi, nəticədə qapımızda üç qol gördük. Futbolçularımın hamısından narazıyam", - "Turan"-nın çalışdırıcısı Sakit Alıyev dedi.
"Komandamız oyuna bir az əsəbi çıxmışdı. Buna səbəb isə öncəki turlarda heç-heçə etməmizdi. Vurduğumuz ilk qoldan sonra daha da yaxşı oynadıq. Lakin oyunun sonlarına yaxın ötürmələrdə etdiyimiz səhvlər qapımızda qolla nəticələndi. Qarşıda "Xəzər-Lənkəran"-la çətin oyunumuz var, bu qarşılaşmaya daha ciddi hazırlaşacağıq", - "Bakı"-nın baş məşqçisi Vinfrid Şefer bildirdi.
