27 sentyabr 2010 00:05
Zaur Ramazanov karyerasını bitirir
Azərbaycanın "Xəzər-Lənkəran" klubunun oktyabrın 2-də ölkə Premyer-liqasının 8-ci turunda "Bakı" klubu ilə qarşılaşmasında XL-ın sabiq hücumçusu Zaur Ramazanovun futbolla təntənəli vidalaşma mərasimi keçiriləcək. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Zaur topa ilk zərbəni yetirərək meydanı azarkeşlərin alqışları altında tərk edəcək.
Zaur Ramazanov 2005-ci ildən "Xəzər-Lənkəran"-ın ən böyük nəticə verən futbolçularından biri olub. XL-ın bütün titulların qazanmasında Zaur Ramazanovun xidmətləri danılmazdır. Onun iştirakı ilə komanda 2 dəfə Azərbaycan kubokunun qalibi (2006/07 və 2007/08 mövsümləri), 1 dəfə ölkə çempionu (2006/07) olub, 1 dəfə Birlik kubokunu qazanıb (2008). Zaurun özü də Azərbaycan çempionatının bombardirlər siyahısında yer almışdır (2006/07).
Eyni zamanda Ramazanov Azərbaycan milli yığmasının üzvü də olub. Həmin qismdə o 14 oyunun iştirakçısı olub.
