4 oktyabr 2010 17:00
Azərbaycan futbolunda rüşvət xəbəri
Milli çempionatın 8-ci turunda keçirilən İnter-Muğan (1:0) qarşılaşmasında baş hakim Elnur Muradova qarşı ağır ittihamlar səsləndirilib. Azerisport.az xəbər verir ki, sözügedən oyunda İnter-in lehinə qərarlar verərək, şübhə yaradan ədalət təmsilçisinin “satıldığı” xəbəri yayılıb.
Qafqazinfo.az-ın məlumatına görə Elnur Muradov oyundan əvvəl İnter rəhbərliyi ilə görüşüb və oyunu “bankirlər”in lehinə idarə etməsi üçün iki min dollar məbləğində pul alıb. Məlumatda qeyd olunub ki, E. Muradov məhz bu səbəbə görə qalmaqallı keçən oyunda Muğan-nın yüz faizlik 11 metrlik cərimə zərbəsini qeydə almayıb.
Bundan əlavə, qarşılaşmanın əlavə vaxtında hakim daha bir kobud səhvə yol verib. Belə ki, cərimə zərbəsindən sonra Nikolay Petrov Valev topa zərbə vurmaq istəyərkən, özü qapıya daxil olub. Bu zaman onun üstünə hücum çəkən İnter-in qapıçısı Dmitri Kramarenko rəqib futbolçunun formasından tutaraq, silkələməyə başlayıb. Davaya digər futbolçular da qoşulub. Və İlia Kandelaki zərbə ilə Anxel Qutyerresi yerə sərib. Hakim isə Kramarenkoya qırmızı vərəqə göstərmək əvəzinə, sarı vərəqə ilə kifayətlənib.
