8 oktyabr 2010 16:53
Mahmud Qurbanov: Avstriya ilə oyunda heç-heçəyə ümid edə bilərik
Azərbaycan yığmasının keçmiş yarımmüdafiəçisi Mahmud Qurbanov AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Avstriya – Azərbaycan oyunu barəsində azerisport.az saytına öz fikirlərini bildirdi. "Əlbətdə ki, rəqib hücumda aktiv olacaq. Çünki doğma meydanda oynayır və görüşün favoriti sayılır. Təbii ki, Berti Foqts oyuna öz göstərişlərini verəcək. Lakin heç bir göstərişə baxmayaraq, futbolçularımız ilk növbədə istək və xarakter göstərməlidir. Məhz bu keyfiyyətlərin sayəsində biz nəticə əldə edə bilərdik", - Qurbanov dedi.
O hesab edir ki, alman mütəxəssis bu oyuna bir hücumçu ilə çıxmayacaq: "Komandamız müdafiədə ehtiyatlı və diqqətli oynayacaq. Müdafiəmizdə kifayət qədər təcrübəli futbolçu var və onlar 90 dəqiqə ərzində səhvsiz oynamağa qadirdi. Məncə, hazırda yığmamızın heyətində ən yaxşıları yığışıb. Əlbətdə hər bir halda onlara çətin olacaq. Lakin biz heç-heçəyə ümid edə bilərik".
