8 oktyabr 2010 00:08
Berti Foqtsun hiyləgər taktikası haqqında
Artıq sabah Vyanada AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Avstriya – Azərbaycan oyunu baş tutacaq. Azerisport.az xəbər verir ki, bu gün isə komandaların baş məşqçiləri – Bertiq Foqts və Didi Konstantini oyun qabağı mətbuat konfransı keçiridilər.
Təbii ki, bizim (yəni bütün Azərbaycan futbol azərkeşlərinin) əsas diqqətimiz Foqtsun dediklərindədir. Onun bir neçə sözləri bəzi azərkeşlərin heç xoşuna gəlmədi. Əsasən bu ifadəsi – "Əgər Avstriya bizə oynamağa imkan versə, öz oyunumuzu göstərə biləcəyik". Lakin gəlin Foqtsu ağılsızın yerinə qoymayaq və düşünək görək niyə o bunu dedi. Yadınızdadırsa Almaniya ilə oyundan qabağ "Teryer" deyirdi ki, bu görüşdə Azərbaycan futbol dərsi alacaq. Nəticədə elə də oldu. Amma əminliklə söyləmək olar ki, əslində Foqtsun sözləri bizə yox, almanlara ünvanlanırdı. Qoy saysınlar ki, futbol nə olmasını biz bilmirik. Lakin Almaniya ilə oyunda hər şey planlaşdırılmış kimi alınmadı. Bu barədə çox söz demək olar. Ancaq indi biz o görüşün gedişatından yox, baş məşqçimizin ifadələrindən danışırıq.
İndi isə Foqts Avstriya ilə görüşdən öncə də buna bənzər sözlər deyir. Və ola bilsin ki məhz yalnış fikir yaradmaq üçün o futbolçularımıza mətbuatla danışmağa qadağa qoyub. Bir də Almaniya ilə oyun qabağı açıqlamaları xatırlayaq: futbolçuların bəziləri hətta qələbə barəsində də danışırdı, Foqts isə əksinə, heç-heçəni də möcüzə kimi qiymətləndirirdi. Çox hiyləgər məşqçidir. Əslində Azərbaycan yığması, futbolu, oyunçuları barəsində rəqiblərimiz o qədər də çox şey bilmir. Hətta qardaş ölkə olan Türkiyə də bizim futbolumuz və necə oynadığımıza dair yaxşı bələd deyil. Və Foqts bundan istifadə edir (ya da ki çalışır etməyə). Yəni sadə dillə desək, rəqibi aldadır. Eybi yox, qoy onlar hesab etsin ki, biz heçnə edə bilmirik. Hətta bir tərəfdən, Almaniya ilə oyun da Foqtsun sözlərini təsdiq edir. Bizim üçün bu daha yaxşıdır. Demirik ki, onun dediklərindən sonra, avstriyalı futbolçuları Azərbaycanla oyunda tam rahatlanacaq. Təbii ki, yox. Sadəcə olaraq bizdən nə gözləmək olar onlar üçün bir mənada sirr qalacaq. Oyuna qədər.
Və artıq görüş zamanı həm avstriyalılar, həm də biz sizinlə birgə öz gözlərimizlə baxıb görəcəyik – doğrudanmı Azərbaycan yığması sürpriz bağışlaya bilər, yoxsa Foqtsun dedikləri heç bir taktiki gediş deyil və sadəcə acı həqiqətdir...
