11 oktyabr 2010 13:47
Berti FOQTS: İki oyunda doqquz buraxılmış topdan sonra hazırlaşmaq çətindir
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Türkiyə ilə AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək oyundan qabaq mətbuat konfransını verdi.
"Şadam ki, bizi bu "seçmədə" ilk ev oyunu gözləyir. Azərkeşlər və jurnalistlərdən dəstək gözləyirik. Ümid edirəm ki, komandam sərbəst oynayacaq. Görürəm ki, irəliləyiş var. İki böyük hesablı məğlubiyyətə baxmayaraq, oyunumuzda müsbət hallar da var idi. Səbəblərə gəldikdə isə, həm Almaniya, həm Avstriya ilə görüşdə biz bir neçə əsas oyunçunun xidmətlərindən istifadə edə bilməmişdik. Bizim indiki nəticələrimizi tez-tez ötən ilin sonunda göstərdiyimiz nəticələrlə müqayisə edirlər. Ancaq o vaxt bizdə bu cür problem yox idi. Üstə gəl keçən seçmə mərhələnin ərəfəsində məndə hazırlaşmaq üçün daha çox vaxt var idi", - azerisport.az xəbər verir ki, bunu Foqts dedi.
"Bizə 90 dəqiqə ərzində çalışmaq lazımdır. Bu zaman qələbə qazanmaq üçün şansımız olacaq. Başa düşürəm ki, bizə inananlar azdır, lakin indiki vəziyyətdə bu normaldır", - Foqts dedi. O etiraf etdi ki, komanda müdafiədən hücuma keçən zamanı ciddi problemlərlə üzləşir: "Təəssüf ki, kobud səhvlər buraxmağa davam edirik. Futbolçular şou göstərməməli, mənim göstərişlərimi yerinə yetirməlidi. Müdafiədən hücuma keçid effektiv alınmır".
"Dünyada müdafiə xəttində bu cür problemi olan heç bir məşqçi komanda qura bilməz. Bizim böyük itkilərimiz var və onlar öz sözünü deyir. Misal üçün, Maksim Medvedev. Bu cür oyunçusuz qalmaq çox çətindir. Əgər o öz üzərində çalışsa, o zaman Türkiyə Superliqasında, Almaniya Bundesliqasında çıxış edə bilər. Mən isə sehrbaz deyiləm ki, oyunçuları göydən götürüm", - Foqts qeyd etdi.
Həmçinin Foqts Rəşad Sadiqovun əsas heyətdə yer almaması və Rəşad Abdullayevin barəsində suallara da cavab verdi. "Rəşad Sadiqov çox gözəl insandır, lakin bu əsas heyətdə yer almaq üçün kifayət deyil. Həmçinin, Almaniya və Avstriya "Wisla" deyil. Bəli, o topla davrana bilir, lakin topsuz hərəkət etməkdə müəyyən problemləri var. Abdullayeva gəldikdə isə, o yaxşı futbolçudur. Lakin onun səviyyəsi Azərbaycan Premyer-liqasıdır". Həmçinin almaniyalı mütəxəssis hesab etmir ki, yenidən kimisə milliləşdirmək lazımdır.
Onun sözlərinə görə, millinin heyətində dəyişiklər olacaq. "Vaqif Cavadov pis oynadı, ona görə də onu əvəzlədim. Heç bir zədəsi yox idi (ola bilsin ki, tərcümədə səhv getdi – Red.). O sadəcə olaraq mənim göstərişlərimi yerinə yetirmirdi. Ola bilsin ki, o Türkiyə ilə oynasın. Və əgər o meydana çıxsa, o zaman bir il əvvəl Rusiya ilə göstərdiyi oyunu bir də nümayiş etdirə biləcək. Yeri gəlmişkən, Cavadov nəyə görə "Twente"-də oynaya bilmədiyini bilirəm. Məsələ zədə ilə bağlı deyil idi. Stiv Maklarenlə danışmışam, o mənə çox şeydən danışdı", - Foqts söylədi. Lakin Maklarenin dediklərini açıqlamadı.
"Samir Abbasov maraqlı oyunçudur. Yalnız o səhv etmirdi. Ümumiyyətlə iki oyunda doqquz buraxılmış topdan sonra hazırlaşmaq çətindir. Lakin mən görürəm ki, uşağların çox böyük həvəsi var", - Foqts vurğuladı.
