13 oktyabr 2010 13:38
Rəşad SADIQOV: Qarşımızda məğlub olmamaq məqsədini qoymuşduq
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Türkiyə ilə oyundan sonra (1:0) azerisport.az saytına müsahibə verdi.
Hesab etmirsiniz ki, tarixi qələbə alındı?
Bizim üçün vacib qələbə idi. Hər iki komanda qol vurmaq üçün kifayət qədər imkanı var idi. Bu görüşdə yalnız biz fərqlənə bildik. Oyundan öncə qarşımızda məğlub olmamaq məqsədini qoymuşduq. Qələbə isə daha yaxşıdır.
Komandanın oyunu ilə razı qaldınız?
Bəli. Komandanı və bu görüşdə əla oyun sərgiləyən Kamran Ağayev təbrik edirəm. Sona qədər mübarizə aparırdıq və qələbə qazandıq.
Necə alındıki, komandanın oyunu Avstriyadaki görüşdən sonra cəmi üç günə bu cür dəyişsin?
Hər bir yığma səfər və ev oyunlarında fərqli çıxış edir. Hətta Türkiyə və Almaniyanında bu cür problemləri var. Biz də evdə səfərdən yaxşı çıxış etdik. Meydana çıxanda sanki son oyunumuza çıxırdıq. Çox istəyirdik ki son oyundaki stressi unudaq və azərkeşlər qarşısında bəraət qazanaq.
Sizcə qələbə yaxşı oyununun yoxsa rəqibin zəif çıxışın nəticəsidir?
Deməzdim ki, türklər o qədər də pis oynadı. Heç pis təsir bağışlamadılar. Lakin bu görüşdə biz daha yaxşı idik.
Türkiyə yığmasının kapitanı Emre Belezoğlu ilk yarıda bizim oyunçularımıza qarşı çox aqressiv idi...
Bu normaldır. O həmişə bu xüsusiyyəti ilə seçilirdi. Buna görə də biz onu sevirik. O komandasını aparıcı oyunçusudur.
Qorxmursunuz ki, "Eskişehirspor" klubuna qayıdandan sonra sizin probleminiz olacaq?
Xeyr, bu baş verməyəcək. Bu futboldur. Oyuna qədər bilirdim ki, "Eskişehirspor"-un azərkeşləri məni izləyəcək. İnanıram ki, onlar razı qaldı. Çox şadam ki, qol vurduq və məhz bu qola da qələbə qazandıq.
Bu qələbə seçmə mərhələdə Azərbaycan üçün nə dəyişəcək?
Bu çox vacib qələbədir. İlk ev oyununda qalib gəlmək çox yaxşıdır. Əgər daha bir ev oyununda qələbə qazansaq, toplanan xallar üzrə öz rekordumuzu vura biləcəyik. Lakin bu seçmə mərhələdə biz 8, 9, 10 və ya daha çox xal toplamaq istəyirik. Ümumiyyətlə öz meydanımızda məğlub olmaq istəmirik.
Bu oyun digər azərbaycanlı futbolçular üçün Avropa klublarını keçmə imkanını yaradacaq?
Bunu çox istərdim. Nə qədər ki çox futbolçumuz xəricdə çıxış etsə, bu o qədər də milli komanda üçün yaxşı olacaq.
