13 oktyabr 2010 16:17
Nihat KAHVECİ: Heç bilmirəm bu məğlubiyyətdən sonra nə olacaq
Türkiyə yığmasının hücumçusu Nihat Kahveci AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla keçirilmiş oyundan sonra (0:1) azerisport.az saytına müsahibə verdi.
Azərbaycandan bu cür oyun gözləyirdiniz?
Meydana ikinci hissədə çıxdım və deyə bilərəm ki, komandanız yaxşı oynadı. Xüsusən də müdafiə fərqləndi. Buna görə də vura bilmədik.
İkinci yarıda meydançada Türkiyənin heyətində üç forvard var idi. Lakin nəticə gəlmədi.
Məşqçi dedi ki, hücum etmək lazımdır. Buna görə də üç hücumçu ilə oynadıq. Buna baxmayaraq, hücumda passiv idik. Bir neçə imkan yaraddıq, ancaq son zərbə vura bilmirdik. Almaniyaya məğlub olduq, sonra isə Azərbaycana. Heç bilmirəm bundan sonra nə olacaq.
Bəlkə bu motivasiya ilə bağlıdır?
Ola bilsin ki, azərbaycanlıların daha çox motivasiyası var idi. Açığı deyim, oyundan öncə biz hesab edirdik ki, qələbə artıq əlimizdədir. Nəticədə isə məğlubiyyətlə üzləşdik. Azərbaycanı qiymətləndirmədik. Düşünürdük ki, sizin futbolçularınız bu dəfə də Avstriyaya qarşı oynadıqları kimi oynayacaq.
Azərbaycanın heyətində kim daha yaxşı təsir bağışladı?
Qapıçı super idi. Hələ oyunun əvvəlində iki qoldan xilas etdi.
Qolun müəllifi Rəşad Sadıqovla yaxşı tanıyırsınız?
Bilirəm ki, o Türkiyənin Superliqasında "Eskişehirspor" klubunun şərəfini qoruyur. Bizə demişdilər ki, o müdafiəni əla idarə edir. O sübut etdi ki, Azərbaycan yığmasında kapitan sarğısını boş yerə daşımır.
Oyun qabağı mətbuat konfransında siz dediniz ki, Azərbaycandan məğlubiyyət böyük sensasiya olacaq və siz buraya qələbə dalınca gəlmisiniz.
Heç vaxt Azərbaycana məğlub olmamışdıq. Məğlub olacağımızı gözləmirdik. Bundan sonra sizə qarşı necə oynamaq lazım olduğunu bilirik. Və çalışacayıq ki, bir ildən sonra evdə bu məğlubiyyətin əvəzini çıxaq.
Azərkeşlər haqqında nə deyə bilərsiniz?
Hələ fanatların bu cür qardaşlığını heç vaxt görməmişəm. Hətta meydançada kiçik qarşıdurmalar var idi, lakin azərkeşlər əsl birlik nümunəsini nümayiş etdirdilər. Bilirəm ki, Bakıda Türkiyə yığmasının çoxlu sayda azərkeşi var. Və biz çalışacayıq ki, sizin ölkəniz yenidən Avropa çempionatında bizə azərkeşlik etsin.
