15 oktyabr 2010 17:23
Qurban Qurbanov: Gəncləşdirmə prosesinə başlaya bilərik
Yaxın günlərdə Ağdamın "Qarabağ" klubunun heyətində ciddi dəyişikliklərin olunacağı gözlənilir. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisinin heyətində gəncləşdirmə prosesi başlayacaq və bəzi yaşlı futbolçularla bağlı islahatlar aparılacaq. Həmçinin Samir Abbasov və Aslan Kərimov kimi yaşlı futbolçuların "Qarabağ"-dan uzaqlaşdırılacağı qeyd olunub.
Klubun baş məşqçisi Qurban Qurbanov hələlik hər hansı bir futbolçunu komandadan gedib-getməyəcəyi haqqında düşünmədiklərini bildirib: "Hazırda çempionatın ən maraqlı çağındayıq. Hələlik heç kimi göndərə bilmərik. Həmçinin futbolçularla müqaviləmiz var. Müqavilə bitmədən heç kimi uzaqlaşdıra haqqımız yoxdur". Təcrübəli çalışdırıcı heyətin birdən-birə gəncləşdirilməsinə qarşı olduğunu açıqlayıb: "Əgər futbolçu yaşlı olub bizə kömək edə bilirsə, nəyə görə onu uzaqlaşdırmalıyıq? Birdən-birə heyəti gəncləşdirmək məqsədəuyğun deyil. Amma ola bilsin bir iki il ərzində gəncləşdirmə prosesinə başlaya bilərik".
Həmçinin Qurbanov komandada heç bir futbolçudan narazı olmadığını deyib."Futbolçulardan narazılığım yoxdur, sadəcə nəticədən narazıyam. Əgər hər hansı bir futbolçunun çıxışını bəyənməsəm onunla ayrı-ayrılıqda görüşüb səhvlərini başa salıram, nə çatışmazlığı varsa aradan qaldırmağın yollarını başa salıram", - Qurbanov bildirdi.
Mənbə: Qafqazinfo
