19 oktyabr 2010 18:01
Dünya futbolunun ilk həqiqi ulduzu (FOTO, VİDEO)
Azerisport.az dünya tarixinin ən görkəmli futbolçularının təqdimini davam etdirir. Futboldan başı çıxan bir çox insanlar çox güman ki, heç vaxt Stiv Blumer adını eşitməyiblər. Bununla belə bu fiqurun miqyası söhbətin mövzusuna tamamilə müvafiqdir.
Blumer bizim toxunduğumuz və toxunacağımız görkəmli futbolçular silsiləsindən ən "köhnəsidir". Karyerasının böyük və ən yaxşı hissəsi XX əsrin əvvəllərinə düşməsinə baxmayaraq, o özünü hələ XIX əsrdə göstərib. İllər ötdükcə Blumerin adı hardasa unuduldu, lakin yalnız İngiltərənin hüdudları xaricində. Futbolun vətənində isə onu 100 il ötdükdən sonra belə futbolun ən parlaq ulduzlarından biri hesab edirlər. İngiltərədə ekspertlər arasında ölkənin bütün zamanlar üçün ən yaxşı futbolçusu adı üzrə sorğu keçirilən zaman Stiv Blumer bu siyahıda 6-cı yeri tutmuşdu. O bu yeri Metyuz, Mur, Çarlton və Linker ilə bərabər şərtlərə malik olmamasına rəğmən tutmuşdu və hazırda yaşayanların heç biri təkcə nəinki canlı, hətta kinoxronikalarda onun oyununu görməmişdi: o özündən sonra belə dərin iz buraxmışdı.
İngilislər Blumerin Britaniya adalarında ən birinci futbol superulduzu olması ilə həmfikirdirlər: çünki həmin dövrdə prinsip etibarı ilə heç bir yerdə, o cümlədən dünyada bu səviyyədə oyunçu ola bilməzdi. Özü də bu fikir çoxdan formalaşıb. Məhz bu həmrəylik ilk baxışda Blumer haqqında belə bir xarakteristika formalaşdırmağa əsas verir.
Yeri gəlmişkən bununla əlaqədar olaraq maraqlı sual meydana gəlir: XIX əsrin ən yaxşı futbolçusu kimdir (və ya Britaniyanın)? Biz XX əsrlə bağlı kifayət qədər dəqiq, eyni zamanda FİFA-nın başısoyuqluğu sayəsində o qədər də birmənalı olmayan təsəvvürə malikik: ya Pele, ya Maradona - hansı kimə xoş gəlir. Bəs əvvəlki yüzillik necə olsun? Axı o zaman da futbol oynayırdılar, hətta bəziləri daha layiqli oyun sərgiləyirdi. Əgər belədirsə nəzəri cəhətdən ən yaxşı futbolçu da olub. Amma o kimdir? O zaman heç bir referendum və ya təsnifatlar olmayıb. Lakin futbol arxivləri qalıb ki, onları öyrənməklə qoyulan suala kifayət qədər obyektiv cavab vermək olar.
XIX əsrin 90-cı illərinin ortalarınadək "Futbolun kralı" statusu qeyd-şərtsiz olaraq öz müasirləri və sələfləri fonunda həm texniki, həm də taktiki baxımdan fərqlənən və adətən sol insaydda çıxış edən hücumçu Conni Qudolla məxsus olub. 90-cı illərin ortalarından başlayaraq Britaniyada Qudollu "taxt-tac"-ından salan mərkəz hücumçusu, gənc və yaraşıqlı Co Smit (tam adı Qilbert Osvald) daha çox qiymətləndirilməyə başladı. Əgər ХIХ əsrin ən yaxşı futbolçusu adı uğrunda sorğu keçirilsəydi ingilis futbolçular Co Smit və Conni Qudoll ehtimal ki, iki ən yüksək pilləni tutardı. Üçüncü yer isə çox güman ki bir qədər gec məşhur olmasına baxmayaraq milli yığma komandada vurduğu qolların sayına görə rekord müəyyən edən (o zaman onun hesabında 20 qol var idi, onun yaxın izləyicisi isə həmçinin ingilis olan Tinsli Lindlinin 15 qolu var idi) Blumerə nəsib olardı.
Stiv Blumer də əksər həmkar-müasirləri kimi təkcə futbol üzrə deyil, həm də bu idman növünə çox yaxın olan kriket və beysbol üzrə də oyun təcrübəsinə malik idi. O XIX-cu əsrin 90-cı illərdə "Derby County" klubu ilə üç dəfə İngiltərə Kubokunu qazanaraq beysbolda da ulduz statusuna nail olub. Bu, tezliklə kəskin şəkildə solan ingilis beysbolunun ən yaxşı illəri idi. Dumanlı Albionu ziyarət edən bu oyun növünün görkəmli amerikalı mütəxəssisi Blumeri İngiltərədə öz ampulasında ən yaxşı ikinci beysmen kimi xarakterizə etmişdi.
Onun kriketçi kimi də bəxti gətirimşdi. Viktorian İngiltərəsinin kübar dairələrində həvəskar kriket böyük pərəstişə malik idi. Onu ədəbli insanların zərif idmanı hesab edirdilər və nümayəndələrini pinti və tamahkar adlandırdıqları peşəkar futbola qarşı qoyurdular.
O 1892-ci ildə çıxış etməyə başladığı "Derby" futbol komandasında həftəsinə 37 pens əmək haqqı alırdı. Onun karyerasında ən yüksək həftəlik əmək haqqı 5 funt 10 şillinq təşkil edib. Bütün məşhurluğuna baxmayaraq Blumerin bütün ömrü boyu şəxsi evi olmayıb. O əvvəlcə atası ilə "Derby County"-yə məxsus beysbol meydançasının yanında yaşayırdı (anası o yeniyetmə ikən vəfat etmişdi), daha sonra özünə ev tutdu.
Maraqlıdır ki, Stivi futbola gətirən seleksiyaçı rolunda 1888/89-cu illər mövsümündə keçirilən ilk İngiltərə çempionatında "Preston"-la oynayan və onun ən yaxşı bombardiri olan Conni Qudoll çıxış edib. Blumerin boyu təqribən 170 santimetr idi. Onu digərlərindən qısa saç düzümü fərqləndirirdi. Blumer sağ insayd mövqeyində çıxış edirdi. Deyilənlərə görə, o bədən quruluşu və oyun üslubuna görə daha çox Maykl Oueni xatırladırdı. Üzdən isə Paolo Maldiniyə bənzəyirdi.
1905-ci ildə Britaniyada buraxılan və bütün dünyada yayılan ensiklopediyada Blumer futbolun oynanıldığı və inkişaf etdiyi hər yerdə dünyanın ən məşhur idmançısı kimi qeyd olunurdu. Hansısa jurnalist onu "ingilis futbolunun krallıq etdiyi dövrlərdə ingilis futbolunun kralı adlandırmışdı".
Xarizması və nadir bombardirlik bacarığı, oynadığı klublarda bütün qapıları Stivin üzünə açırdı. Qızlar ona poemalar həsr etmişdilər.
Ustalığın sirlərini öyrənmək istəyən gənclər tez-tez ona müraciət edir, qapısını döyürdülər. Onların arasında gələcəyin görkəmli məşqçisi, "italyan futbolunun atası" Vittorio Potso kimi gənclər də var idi. Potso Birinci Dünya müharibəsindən əvvəl Derbiyə gəldi və xüsusi olaraq Blumerlə uzun müddət futbol barəsində söhbət etməyə imkan əldə etmək üçün burada məktəb müəllimi işləməyə başladı. Potso öz memuarlarında yazırdı ki, fənn üçün bir çox ideyaları, o belə söhbətlərdən əldə edib.
Blumer İngiltərə yığmasında 1895-ci il 9 aprel tarixində 21 yaşında debüt edib. O zaman İngiltərə İrlandiya millisi ilə qarşılaşırdı və Blumer 9-0 hesabı ilə başa çatan oyunda 2 qola imza atmışdı. O yığmada oynadığı ilk 10 oyunun hər birində qol vurmağa müvəffəq olmuşdu. Blumer 1896-cı il 16 mart tarixində Kardiffdə keçirilən Uelslə oyunda (9-1) hədəfi düz beş dəfə nişan ala bilmişdi.
Müasirləri onun 1907-ci il aprelin 6-da Şotlandiyanın qapısına vurduğu qolu xüsusilə fərqləndirirlər. O Blumerin meydanın ortasından vurduğu ən qeyri-adi və sonuncu qolu idi. Stiv yığmanın heyətində çıxışını 28 qolla başa vurdu. O dövrdə bu rekord sayılırdı. Lakin bu rekord cəmi dörd il qüvədə qaldı və onu 1911-ci ildə Vivian Vudvord bir qol üstünlüklə təzələdi. Blumer daxili yarışlarda - ölkə çempionatı və Kubok oyunlarında "Derby" və "Middlesbrough"-nun birinci və ikinci divizionlarda keçirdiyi oyunlarda 655 oyuna 397 qol vurdu. Bu göstərici 20 ildən artıq rekord hesab olundu. Bu rekordun öhdəsindən yalnız növbəti nəsil bombardir futbolçulardan biri olan Diksi Din (1936-cı ildə) gələ bildi.
İngiltərə çempionatının bombardirlər siyahısına beş dəfə başçılıq edən Blumer birinci mili divizionda vurduğu qolların sayına (317) görə də, bir müddət dünya rekordçusu olaraq qaldı. Bu rekord 20-ci illərdə macar İmre Şlosser tərəfindən qırıldı. O da Blumerlə birgə Avropa qitəsi futbolunun ilk superulduzu kimi tarixə düşdü.
1905-ci ildə Stivin İngiltərə yığmasının heyətində vurduğu qolların sayına görə Co Smitin rekordunu təzələdiyi zaman Futbol Assosiasiyası kabinetinin divarını onun portreti bəzəyirdi. Blumer bu şərəfə nail olan ilk futbolçu idi. 1909-cu ildə, "Middlesbrough"-da oynadığı zaman o sətəlcəm oldu, onun xəstəliyi ciddi vəziyyət aldı. Blumer futbolla vidalaşmağa yaxın idi. Lakin işlər düzləməyə başladığından o fikrini dəyişdi və "Derby"-yə qayıdaraq karyerasını daha beş il müddətinə uzatdı.
Blumer karyerası ərzində yalnız bir dəfə meydandan qovulub. O bu hadisədən elə məyus olmuşdu ki, hətta Futbol Assosiasiyasına 4 səhifədən ibarət bəraətverici yazı yazmışdı. Lakin assosiasiya buna məhəl qoymayaraq futbolçunu iki həftəlik disvalifikasiyva etmişdi.
Stivin "Derby" rəhbərliyi ilə məşqlərə soyuq yanaşma zəminində arabir mübahisəsi yaranırdı. Lakin onun müntəzəm olaraq qol vurması onu həmişə xilas edirdi. Heç təəccüblü deyil ki, Blumer ondan reklam məqsədləri ilə ilk istifadə olunan futbolçulardandır. İlk olaraq onun adı idman məhsullarının üzərində görünməyə başladı. ("Bloomer's Lucky Strikers" leybli butsular buraxılırdı), daha sonra canlandırıcı içkilərdə və hətta dərman pereparatlarının üzərində meydana gəlməyə başladı.
1914-cü ilin iyulunda butsularını yenicə mismardan asmışdı ki, Blumer Berlinin "Britannia" klubunun məşqçisi olmağa dair təklif aldı. Mənası "yanılma" olan soyadının tam antidopu altında meydanda fəaliyyət göstərən Stiv bu dəfə həqiqətən, özü də əməllibaşlı yanıldı. Berlinə getdiyi gündən artıq 3 həftən sonra dünya müharibəsi başladı. Almaniya və İngiltərə düşmən cəbhələrdə qərar tutdular və Blumer futbol klubu ilə birgə nəzarət altında saxlanılan şəxslər üçün nəzərdə tutulmuş Ruleben düşərgəsinə düşdü.
Müharibə dövründə o 3 il yarım orada qaldı. Lakin o fəaliyyətindən qalmadı. Nəzarət altında saxlanılanlar arasında çoxlu sayda futbolçu var idi. Onlar öz komandalarını və hətta öz çempionatlarını yaratdılar. Blumer öz barakında həm kapitan, həm də məşqçi idi. Təbii ki, onun barakı çempion oldu.
Müharibə qurtardıqdan sonra Stiv Derbiyə qayıtdı və əvvəllər oynadığı klubun məşqçisi oldu. 1923-cü ildə o ölkə sərhədləri xaricindən gələn daha bir təklifi dəyərləndirdi. Onu Bilbao yaxınlığında yerləşən bask şəhərini təmsil edən "Real Irun" klubu öz komandasına dəvət etmişdi. Onun azarkeşləri bu məşhur şəxsin gəlişindən elə heyran olmuşdular ki, onu "Müqəddəs Stiv" adlandırmışdılar. Blumer onların etimadını tamamilə doğrultdu. O elə ilk cəhddəcə "Spanish Boys" (o öz komandasını belə adlandırırdı) ilə çempion titulunu qazandı. Növbəti il "İrun" Madridin "Real" klubunu səfərdə 7-0 hesabı ilə darmadağın edərək, daha sonra isə İspaniya turnesini başa vuran "Boka Juniors" üzərində 4-0 hesab ilə inamlı qələbə qazanaraq sensasiyaya imza atdı. Özünü İspaniyada yaxşı məşqçi kimi göstərməsinə baxmayaraq, sonradan Blumer bu təcrübəsini çox nadir hallarda xatırlayırdı.
Pirineydə qısa müddət qalmasına baxmayaraq (o, 1925-ci ildə artıq vətəninə qayıtmışdı) sözsüz ki, İspaniyanın 1929-cu ildə İngiltərə yığmasını məğlub etməyi bacaran (4:3) ilk qitə komandası olmasına müəyyən təsir göstərmişdi.
Blumer həyatının son 13 ilini "Derby"-nin gənclər komandasının məşqçisi qismində keçirib. O bununla paralel olaraq qəzet səhifələrində dərc olunur, beysbol boyskautu işləyir və qazonun vəziyyətinə nəzarət edirdi. Onun öz əlləri ilə ot biçdiyini və onları yaba ilə taya şəklində yığdığını görən kluba gələn gənc futbolçular onun veteranların dediyi kimi sözügedən görkəmli Blumer olmasına inanmaq istəmidilər. Onlar məsqərəyə qoyulduqlarını zənn edirdilər.
1937-ci ilin sonunda "Derby County" ciddi bronxit olan Blumerin Avstraliya və Yeni Zelandiya səfərlərinin xərcini öz üzərinə götürdü. Klub bu səyahətin onun sağlamlğına yaxşı təsir göstərəcəyinə ümid edirdi. Lakin əksinə oldu: hər limanda Blumer həkimlərin köməyinə qaçmaq məcburiyyətində qaldı. Qayıtdıqdan 3 həftə sonra, 1938-cü ilin aprelində onun xəstəliyi yenidən təkrarlandı və o buna tab gətirmədi.
Onun dəfni "Derby"-nin tarixində ən əhəmiyyətli mərasim oldu. Blumerdən sonra bu klubda hələ də ona tay ola biləcək futbolçu yetişməyib. "Derbi"-nin hər ev oyunu öncəsi stadionda səsləndirilən himni "Steve Bloomers's Watching" ("Stiv Blumer baxır") sözləri ilə başlayır. Bu himni məşhur aktyor və "Derby"-nin sadiq fanatı Robert Lindsi bəstələyib.
1936-cı ildə, yəni Blumerin futbolla vidalaşmasından 22 il sonra, kraliça Meri toy mərasimi çərçivəsində dəniz səyahətinə yollanan zaman lüks sinifli gəminin üzərində onun təsviri əks olnmuşdu.
Blumerin sərgilədiyi oyunun şahidi olanların az qaldığı zaman illərlə onun adı demək olar ki, heç xatırlanmadı. Əvvəlki dövrlərin futbol ulduzlarının aqibəti belə olurdu. Yuxarıda qeyd olunduğu kimi, futbol kriketlə müqayisədə daha əlverişsiz vəziyyətdə idi. Kriket və bu idman növünə orta və yüksək təbəqə nümayəndələrinin marağından çoxlu sayda kitablar nəşr olunurdu. Çünki bu kitablara pul verənlərin sayı kifayət qədər idi. Odur ki, kriket ustaları yaddaşlarda daha çox qalırdı. Futbol isə başqa məsələdir. Proletarlar kitabı oxumağa o qədər də həvəs göstərmirdilər. Blumeri həyata qaytarmaq üçün XX əsrin son onilliklərində İngiltərənin futbol həyatında baş verən proseslər kömək etdi. Klub muzeyləri göbələk kimi peyda olmağa başladı. Və bunun nəticəsi olaraq keçmişdə unudulan futbola maraq yenidən oyandı.
P.S. Material hazırlanarkən müxtəlif mənbələrdən istifadə olunub.
