22 oktyabr 2010 00:04
Rail Məlikov: Bu dəfəki rəqibimiz İnter və XL kimi komandaları məğlub edib
AVRO-2012-nin seçmə mərhələsinin Azərbaycan – Türkiyə oyununda (1:0) zədələnən Rail Məlikov "Turan"-la görüşdə "Neftçi"-yə kömək edə bilmədi. Azerisport.az xəbər verir ki, hazırda müalicə olunan "Neftçi"-nin kapitanı "Gəncə" ilə oyundan əvvəl fikirlərini klubun rəsmi saytına bildirib.
"Təəssüf ki, zədə üzündən "Turan"-la oyunda iştirak edə bilmədim. Düzdür, Tovuz klubunu məğlub etməliydik. Ancaq xal itkisini faciəyə çevirmək lazım deyil. Çünki Premyer-liqada bütün oyunlar çətin keçir. İndi bütün diqqətlər "Gəncə" ilə qarşılaşmaya yönəlməlidir. Gəncə klubu son 3 oyunda qalib gəlməklə, rəqib qapılarından 10 top keçirib. Üstəlik, bu dəfəki rəqibimiz "İnter" və "Xəzər-Lənkəran" kimi komandaları məğlub edib. Bir sözlə, "Gəncə" güclü komandadır. Digər komandalar kimi, "Gəncə" də "Neftçi"-yə qarşı xüsusi əzmkarlıqla çıxacaq. Azarkeşləri maraqlı oyun gözləyir. Arzu edirəm, "Neftçi" – "Gəncə" oyunu qardaşların görüşü kimi keçsin. İnanıram ki, qalib gələrək hesabımıza üç xal yazacağıq", - Məlikov dedi.
