"Flaqman": Neftçi`ni istəməyən qüvvələr bizi təxribata sürükləmək istəyirlər
"Flaqman" Azad Azarkeşlər Klubu İctimai Birliyi "Neftçi" – "Gəncə" oyunundan sonra bəyanat yayıb. Azerisport.az "Neftçi"-nin rəsmi saytına istinadən xəbər verir ki,kluba fan-klubun prezidenti Ceyhun Bədəlzadə və idarə heyətinin üzvləri Məmmədəli Nəsirovla Zaur Ərəbovun imzaları ilə daxil olan bəyanatda deyilir: "Gəncə" Azərbaycanın köklü futbol klublarından biridir. Bu komandanın futbol elitasına qayıtmasına çox sevinirik. Gəncə futbolunun inkişafına görə də çox şadıq. Hətta "Gəncə" elitaya qayıdanda biz onları təbrik də etmişik. 2005-ci ildə "Neftçi" ilə "Xəzər-Lənkəran" komandaları arasında Gəncə şəhərində baş tutan "Qızıl oyun"-da yerli azarkeşlərin bizim doğma komandamızı dəstəkləməsi "Gəncə" futbol klubunun azarkeşləri ilə xoş münasibətimizin olmasına bariz sübutdur. Bəyan edirik ki, "Neftçi" – "Gəncə" oyunundan sonra stadiondan kənarda baş verən hadisələrdə "Flaqman" fan-klubunun heç bir günahı yoxdur. Sadəcə, "Neftçi"-ni istəməyən qüvvələr bizi təxribata sürükləmək istəyirlər. Bir daha bildiririk ki, bizimlə "Gəncə" futbol klubunun fanatları arasında yalnız dostluq münasibətləri mövcuddur. Bizim onlarla heç bir problemimiz yoxdur, ola da bilməz!"
