29 oktyabr 2010 17:21
Neftçi`nin müdafiəçisi: Bakı haqqında hər şeyi bilirəm
Azərbaycanın "Neftçi" klubunun makedoniyalı futbolçusu İqor Mitreski ölkə çempionatının 11-ci turu çərçivəsində "Bakı" ilə oyundan əvvəl öz fikirlərini bildirdi.
"Hal-hazırda "Bakı"-nın problemləri var. Ancaq əminəm ki, bizə qarşı var gücləri ilə oynayacaqlar. İndi "Bakı" klubu bütün diqqətini bizimlə oyuna yönəldib. Biz isə öz növbəmizdə bu matça çox ciddi hazırlaşırıq. Əsas odur ki, meydanda olan hər bir oyunçu bütün bacarığını ortaya qoya bilsin", - azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bunu Mitreski dedi.
Müdafiəçinin sözlərinə görə, "Bakı"-nın keçmiş baş məşqçisi və onun həmyerlisi olan Cokiça Haciyevskidən "Bakı" haqqında nəsə soruşamağa ehtiyac yoxdur: "Bu komanda haqqında xeyli məlumatı var. Ona görə də ondan nə isə soruşmağa ehtiyac duymuram. Demək olar ki, rəqib haqqında hər şeyi bilirəm. Baş məşqçimizlə bir yerdə "Bakı"-nın oyunlarını təhlil edirik. Amma əsas odur ki, oyuna tam hazır olaq".
Mitreski bildirdi ki, onlar bütün rəqiblərə ciddi yanaşır: "Bundan əvvəl qeyd etdiyim kimi, əsas odur ki, bu oyuna tam hazır olaq. Psixoloji cəhətdən komandamızda heç bir problem yoxdur, əhval-ruhiyyəmiz əladır".
