29 oktyabr 2010 00:10
Fərid Quliyev: Bakı Neftçi`yəqarşı var gücü ilə vuruşacaq
Azərbaycanın "Neftçi" klubunun hücumçusu Fərid Quliyev Azərbaycan çempionatının 11-ci turu çərçivəsində "Bakı" ilə keçiriləcək oyundan öncə öz fikirləri ilə bölüşdü. Azerisport.az "neftçilərin" rəsmi saytına istinadən xəbər verir ki, Fərid oyunda meydana çıxacağı halda qol vuracağını deyib.
"Mən özüm "Bakı" klubunda 5 il oynamışam və bu komandaya yaxşı bələdəm. Düşünürəm ki, oyun çox çətin keçəcək. Düzdür onların vəziyyəti indi yaxşı deyil, neçə oyundu uduzurlar, amma mən özüm də o komandada çıxış etdiyim dövrdən bilirəm ki, onlar "Neftçi" ilə görüşə xüsusi motivasiya ilə hazırlaşırlar. Bu oyun paytaxt derbisi sayılır və bizə qarşı var gücləri ilə vuruşacaqlarını düşünürəm. Bu dəqiqə "Bakı" klubu "yaralı aslandı". Həmçinin bu oyun Şefer üçün sonuncu ola bilər, futbolçuların əksəriyyətini alman məşqçi özü gətirib. Məhz buna görə onlar çalışacaq ki, qələbə qazansınlar. Bu görüşdə oynasam, mütləq fərqlənməyə çalışacağam", - Quliyev dedi.
