1 noyabr 2010 12:51
İngiltərə klubu Araz Abdullayevin transferini təstiqlədi
Azərbaycanın "Neftçi" klubunun yarımmüdafiəçisi Araz Abdullayevin İngiltərənin "Everton" komandasına transferi ilə bağlı müqaviləsi Liverpool təmsilçisi tərəfindən təstiqləndi. Azerisport.az xəbər verir ki, bu barədə "Neftçi"-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu bildirdi.
Onun sözlərinə görə, "Everton" klubu futbolçu Araz Abdullayevlə müqaviləsini təsdiqləyib: "Bununla bağlı kluba məlumat daxil olub. Bilirsiz ki, "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqovun birbaşa tapşırığı ilə Araz Abdullayevin "Everton"-a transferi ilə bağlı müqaviləsinə Azərbaycan futbolunun inkişafı və futbolçumuzun xeyri naminə bir neçə bənd əlavə olunmuşdu. Sevindirici haldır ki, "Everton" tərəfi də bunu təsdiqləyib. Bir sözlə, Araz yanvarın 1-dən "Everton"-un futbolçusu olacaq. Bununla əlaqədar İngiltərə klubunun rəhbərliyi Bakıya təşrif buyuracaq və paytaxtımızda müqavilənin imzalanması mərasimi keçiriləcək. "Neftçi" Azərbaycanın ən köklü futbol klubudur və təbii olaraq güclü İngiltərə Premyer-liqasında ilk azərbaycanlı olaraq iştirak etmək hüququ da məhz "Neftçi"-nin futbolçusuna qismət olacaq. Bu bir daha göstərir ki, "Neftçi" futbol klubunda yeniyetmə, gənc futbolçulara qayğı böyükdür və Azərbaycan futbolunun gələcəyi etibarlı əllərdədir", - deyə Elnur Əşrəfoğlu bildirib.
Araz Abdullayev bununla bağlı fikirlərini açıqlayıb. "Everton"-un futbolçusu olacağım üçün qürur duyuram. Mənə belə şərait yaradıldığına görə "Neftçi"-nin rəhbərliyinə təşəkkürümü bildirirəm. Həm Azərbaycanın, həm də "Neftçi"-nin adını uca tutmağa, vətənimi layiqincə təmsil etməyə çalışacağam. Ümid edirəm ki, gözəl oyunumla həm "Everton" fanatlarını, həm də azərbaycanlı azarkeşləri sevindirəcəyəm", - gənc yarımmüdafiəçi dedi.
Mənbə: "Neftçi"-nin rəsmi saytı
