3 noyabr 2010 17:35
"Berti Foqtsun komandasını qiymətləndirməmək olmaz"
Çernoqoriya yığmasının baş məşqçisi Zlatko Krançar Azərbaycanla keçiriləcək oyun barəsində öz fikirlərini bildirdi. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Azərbaycan millisini ciddi rəqib saydığını bildirdi.
"Berti Foqtsun komandasını qiymətləndirməmək olmaz. Baxmayaraq ki, bu görüş yoldaşlıq xarakterini daşıyır biz öz oyunumuzu itirməməliyik. Bunu etmək üçün isə Azərbaycanla görüşə ciddi yanaşmalıyıq. AVRO-2012-nin seçmə mərhələsinə əla başladıq. Öz oyunumuzu tapdıq və onu əldən buraxmamalıyıq", - Krançar Çernoqoriya mətbuatına müsahibəsində dedi.
Həmnçinin təcrübəli mütəxəssis Azərbaycan yığmasının heyətinə də toxundu. "Azərbaycanın ciddi komandası, yaxşı futbolçuları var. Əgər biz onları yaxşı rəqib hesab etməsə idik, heç bu görüş barəsində də razılaşmazdıq. Peşəkar olmalıyıq və qələbəyə oynamalıyıq", - Krançar vurğuladı.
Qeyd edək ki, Çernoqoriya – Azərbaycan oyunu noyabrın 17-də Podqorisa şəhərində keçiriləcək.
