15 noyabr 2010 15:49
Kobud oyunun cəriməsi min manat oldu
Bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında birinci divizion və Premyer Liqa klublarının əvəzedici heyətləri arasında keçirilən ölkə çempionatlarının son turunda qeydə alınan qanun pozuntularına da hüquqi qiymət verilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin MOİK – AZAL matçının 90+3-cü dəqiqəsində MOİK-in futbolçusu Rafael Qəvami kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
Birinci divizionun 10-cu turunda Neftçi İSM – Bakılı matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 100 manat cərimə olunublar. “Karvan” – “Abşeron” matçında isə yalnız “Karvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 100 manat cərimə olunub.
