15 noyabr 2010 16:36
Şahin Diniyev: Terek ilə Anji arasında danışılmış oyun olmayıb, ola da bilməz
Millimizin sabiq çalışdırıcısı Şahin Diniyev Rusiya Premyer Liqasının 28-ci turunda keçirilən Terek – Anji matçının danışılmış olması haqda fikirlərə münasibətini açıqlayıb. Təcrübəli mütəxəssis Azerisport.az-a açıqlamasında bildirib ki, komandası Anji`yə təmiz idman mübarizəsi şəraitində məğlub (1:3) olub:
“Terek heç vaxt belə danışıqlara getməyib. Belə bir şey ola da bilməz. Deyilənlənlər hamısı heç bir fakta söykənməyən uydurmadan başqa bir şey deyil. Düzdü, Anji həmin oyunda komandamızın ikinci heyəti ilə mübarizə aparırdı. Buna baxmayaraq, biz çox ciddi hazırlaşmışdıq. İstənilən komanda meydana yalnız qələbə və daha çox xal qazanmaq üçün çıxır. Ancaq gördüyünüz kimi, bu, həmişə alınmır”.
Diniyev hesab edir ki, həmin oyunda komandası sırf öz səhvlərindən uduzub: “Müdafiədə çoxlu səhvlər buraxdıq. Rəqibimiz isə oyuna daha yaxşı motivasiya ola bilmişdi. Hərdən favorit göstərilən komandaların yenilgisi də qaçılmaz olur. Məgər belə şeylər futbolda az olur ki? Ona görə bir daha qeyd etmək istərdim ki, həmin oyunda hansısa danışıqlardan söhbət gedə bilməz”.
Qeyd edək ki, Terek - Anji matçında millimizin sabiq üzvü Mahir Şükürovun Diniyevin komandasına qarşı forma geyinməsi gözlənilsə də, o, zədə səbəbindən həmin qarşılaşmada ehtiyatda qalmışdı.
