15 noyabr 2010 19:34
Neftçi`dən Premyer Liqa klublarına etiraz və çağırış
Neftçi rəhbərliyi klubun rəsmi saytı vasitəsilə bəyanat yayıb. Azerisport.az xəbər verir ki, bəyanatda rəqib komandaların futbolçularının Neftçi üzvlərinə qarşı kobudluğuna etiraz əksini tapıb və belə halların təkrarlanmaması tələb olunub. Bəyanatı olduğu kimi diqqətinizə çatdırırıq:
“Neftçi PFK Azərbaycanda futbolun inkişafına öz töhfəsini verir. Bu mövsüm səviyyəli futbolçuların transferi buna bariz nümunədi. Premyer Liqada Emil Mpenza, İqor Mitreski, Flavinyo, Bahodir Nasimov, Slavko Georgiyevski, Alessandro, Denis Silva kimi səviyyəli legionerlərin çıxış etməsi gənc futbolçuların püxtələşməsində və Azərbaycan futbolunun inkişafında böyük rol oynayır. Lakin çox təəssüf ki, Premyer Liqanın görüşlərində bəzi klubların futbolçuları Neftçi`nin üzvlərinə qarşı qaydalar çərçivəsindən kənar sərt və kobud oynayırlar.
Premyer Liqanın 13-cü turunun noyabrın 13-də keçirilmiş Muğan – Neftçi qarşılaşmasında da oxşar halın şahidi olduq. Görüşün əvvəllərində rəqib futbolçu Flavinyoya qarşı aşkar kobud oynadı və nəticədə ayağı sınan braziliyalı yarımmüdafiəçi meydandan çıxarılmalı oldu. Halbuki azarkeşlərin çoxu stadionlara Flavinyo kimi texnikalı futbolçuları seyr etməkdən ötrü gəlirlər.
Neftçi PFK Premyer Liqa oyunlarında bu cür halların baş verməsini pisləyir və digər klubların futbolçularını ədalətli oyun prinsipinə əməl etməyə çağırır”.
