15 noyabr 2010 21:19
Millimizin rəqibi Portsmouth`un futbolçusuyla gücləndi
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin rəqiblərindən olan Türkiyə yığmasının heyətinə daha bir futbolçu çağırılıb. Azerisport.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, İngiltərənin Portsmouth klubunda forma geyən Nadir Çiftçi Türkiyənin noyabrın 17-də yoldaşlıq oyunu keçirəcəyi Hollandiya ilə matçın təlim-məşq toplanışına dəvət alıb.
Qeyd edək ki, Portsmouth`un gənc hücumçusu ilk dəfədi “ay-ulduzlu” yığmaya çağırılır. Türkiyə Futbol Federasiyasının açıqlamasında bildirilir ki, 18 yaşlı gəncin qardaş ölkə millisində forma geyməsi üçün bütün lazımı proseslər həyata keçirilib və FİFA-ya da sənədlər təqdim olunub. Çiftçinin Türkiyə millisində oynamaq arzusunun olduğu xüsusi qeyd olunub.
Qeyd edək ki, Türkiyə yığması hazırda məşqlərini Amsterdamda davam etdirir. Artıq Hollandiya paytaxtına təşrif buyuran Portsmouth'lu forvardın da baş məşqçi Quus Hiddink tərəfindən forma şansı qazanması istisna olunmur.
Sonda maraq üçün onu da qeyd edək ki, Nadir Çiftçi, daha öncə elə Hollandiyanın 17 yaşlılardan ibarət millisində forma geymişdi.
