15 noyabr 2010 00:35
Vitali Kovalyovun komandası uduzdu, oyundaşı penaltini qaçırdı
Həmyerlimiz Vitali Kovalyovun top qovduğu Türkiyə Bank Asiya təmsilçisi Kartalspor növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, təcrübəli qapıçının ehtiyatda qaldığı qarşılaşmada komandası məğlubiyyət acısı yaşayıb.
Doğma meydanda Çaykur Rizespor`u qəbul edən Ergün Penbenin yetirmələri turnir cədvəlinin üst pillələrində qərarlaşan rəqibinə ilk yarıda müqavimət göstərsə də, fasilədən sonra dərhal cəzalanıb. Aboagyenin 49-cu dəqiqədə vurduğu qol matçda yeganə olub. Kartalspor`da Aydın 78-ci dəqiqədə qırmızı vərəqə alsa da, Kovalyovun komandası hesabı bərabərləşdirmək üçün gözəl imkan yaxalayıb. Lakin Erhan Şentürk 90+3-cü dəqiqədə penaltidən fərqlənə bilməyib. Beləliklə rizəlilər səfərdə 1:0 hesablı qələbəyə sevinərək, ikinci pillədəki mövqelərini qoruyublar.
Qeyd edək ki, bir qayda olaraq baş məşqçinin ehtiyatda saxladığı Kovalyovun komandası hazırda 11 xalla 13-cü yerdə gedir.
