16 noyabr 2010 14:22
Türklərin `milliləşdirmə` siyasətinə etiraz artır
Türkiyə Futbol Federasiyası rəhbərliyinin Almaniyada, eləcə də dünyanın digər bölgələrində yaşayan türk oyunçuları milliləşdirərək, yığma komandaya cəlb etməsi, artıq digər rəqibləri də narahat etməyə başlayıb. Azerisport.az xəbər verir ki, Almaniya millisinin çalışdırıcısı Yoahim Lövün ardınca, Avstraliya yığmasının baş məşqçisi Holger Osiek də türklərin ünvanına tənqidi çıxışları ilə diqqət mərkəzinə düşüb.
Qardaş ölkə mətbuatının yazdığına görə, o, türk əsilli futbolçu Ersan Gülümün Türkiyə millisinə çağırılmasına etirazını dilə gətirib: “Mən Ersanı Misir ilə qarşılaşmanın heyətinə daxil etdim. Bunu açıqlamadan öncə Ersanın adını belə çəkmirdilər. Türklərin nə üçün belə bir addım atdığını anlaya bilmirəm. Türklər sanki heyət qurmaqdan daha çox kolleksiya yığırlar. Ersanın xidmətindən gələcəkdə də yararlansalar, bunu hörmətlə qarşılayaram. Amma mən həqiqətən də bir plan olduğunu düşünmürəm. Çünki bu futbolçu 4 həftə öncəyə kimi öz komandasında belə heyətə düşə bilmirdi”.
