16 noyabr 2010 15:41
Foqts: Sabah Türkiyə ilə görüşdəkindən də yaxşı oynamalıyıq
Sabah keçiriləcək Çernoqoriya ilə yoldaşlıq oyunu ərəfəsində millimizin almaniyalı çalışdırıcısı Berti Foqts bu gün Podqoritsada mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, komandamızın baş məşqçisi aşağıdakı məsələlərə öz münasibətini açıqlayıb.
Foqts tədbirə təbriklə başlayıb: “Lakin təəssüf ki, biz bu bayramı Bakıda yox, səfərdə keçiririk. Matça gəlincə, onu deyə bilərəm ki, uşaqların yaxşı oyun göstərmək üçün imkanı var. Komandamdan məhz bunu gözləyirəm. Biz daha güclü olduğumuzu göstərə bilərik”.
“Çernoqoriya adi rəqiblərdən deyil. Onlar AÇ-2012-nin seçmə mərhələsində, hətta İngiltərə kimi rəqibləri olmasına rəğmən, öz yarımqruplarına liderlik edirlər. Elə rəqibin heyətinə nəzər saldıqda da, çox şey aydın olur. Çernoqoriyalı futbolçular İtaliya, İspaniya, Portuqaliya, hətta Koreya kimi ölkələrin çempionatlarında top qovurlar. Ancaq hər şeyə rəğmən, biz yaxşı oyun göstərə bilərik” – deyə Berti vurğulayıb.
Daha sonra millimizin çalışdırıcısı Türkiyə ilə oyundakı uğurun davamının gətirilməsinin vacibliyini də qeyd edib: “Türkiyə üzərindəki qələbədən sonra oyunçularımız bir qədər zəifləyib. Daha çox məşq etmək lazımdır. Hətta qələbə qazanılan oyunlarda da səhvlər olur, onları aradan qaldırmaq lazımdır. Bəli, Türkiyə üzərində qələbə bizim üçün çox vacib idi. Ancaq qarşıda da bizi vacib oyun gözləyir. İndi komandamız öz oyununu daha da inkişaf etdirməlidir. Çernoqoriya millisinin çalışdırıcısı bizimlə oyunda gəncləri sınamağa çalışacaq. Onun komandasında olduğu kimi, bizim də böyük potensialımız var. Biz sabah Türkiyə ilə görüşdəkindən də yaxşı oynamalıyıq. Əsas istəyim budur”.
Sonda Berti Foqts bunları da vurğulayıb: “Bilirəm ki, 7 il öncə milliniz hansı nəticələr qazanıb. Lakin o zaman qalib gəldiyiniz, xal aldığınız rəqib Serbiya və Çernoqoriya idi, sabah isə biz Çernoqoriya ilə qarşılaşacağıq. Bəli, Bakı bu ölkənin klubuna qalib gəlmişdi. Ancaq gəlin görək həmin klubdan hansı futbolçu yığmada varmı? Çernoqoriya və Azərbaycanın legionerlərini də müqayisə edə bilərsiz. Onu da unutmayın ki, azərbaycanlılar həmişə təzyiq altında oynayırlar”.
