16 noyabr 2010 18:33
AÇ-2012-nin talismanları müəyyənləşdi, ad seçimi başladı (FOTO)
2012-ci ildə Polşa və Ukraynanın birgə təşkilatçılığı ilə keçiriləcək növbəti Avropa Çempionatının talismanları müəyyənləşib. Azerisport.az xəbər verir ki, Varşavada təşkil olunan rəsmi təqdimetmə mərasimində həmin talismanlar ictimaiyyətə tanıdılıb. İndi yalnız onların ad seçimi qalır.
Avstriya və İsveçrədə keçirilən AÇ-2008-in talismanları Triks və Fliksdən estafeti alan Polşa və Ukrayna Futbol Federasiyalarının prezidentləri – müvafiq olaraq Qjeqoj Lyato və Qriqori Surkis bunu yeni talismanlara - əkiz qardaşlara veriblər.
Surkis bildirib ki, əkiz-talismanların iki ölkə arasındakı oxşarlıqları birləşdirdiyini vurğulayarkən, fərqlərini də bildirib. Onun sözlərinə görə, qardaşların əsas fərqi hər oyunda fərqli komandalara azarkeşlik etmələri olacaq. Həmçinin əkizlərdən biri qırmızı-ağ forma geyməklə Polşanın, digəri isə sarı-göy rəngli Ukrayna formasını daşımış olacaq. Onların saçları isə bu ölkələrin bayraqlarındakı rənglərlə boyanıb.
İndi UEFA-nın rəsmi saytı bu talismanlar üçün yeni ad seçiminə başlayır. Artıq bunun üçün 3 versiya var ki, maraqlananlar həmin versiyalardan birinə səs verməklə, növbəti AÇ-nin talismanlarının adının müəyyənləşməsində pay sahibi ola bilər. Həmin variantlar isə belədir:
1. Slavek və Slavko
2. Semko və Strimko
3. Klemek və Ladko
Səsvermə dekabrın 3-nə kimi davam edəcək.
