16 noyabr 2010 21:38
Qəbələ Neftçi ilə oyuna Subaşiç və Bartonsuz çıxacaq
Premyer Liqanın son turlarında məğlubiyyət tanımayan və yüksələn xətlə inkişaf edən Qəbələ, Neftçi ilə oyuna ciddi itkilərlə çıxacaq. Azerisport.az xəbər verir ki, paytaxt klubuyla qarşıdakı turda Bakıda qarşılaşacaq bölgə təmsilçisinin düşərgəsində 3 aparıcı futbolçu komandasına kömək edə bilməyəcək.
Bunlardan biri Toni Adamsın komandasının liderinə çevrilən Deon Bartondu. 34 yaşlı təcrübəli forvardın növbəti turu buraxmasına onun son turun İnter`lə oyunda 4-cü “sarı” almaqla, vərəqə limitini doldurması səbəb olub. Onunla yanaşı hazırda zədə üzündən məşq edə bilməyən braziliyalı yarımmüdafiəçi Bruno da Silva ilə serb əsilli hücumçu Branimir Subaşiç də Neftçi`yə qarşı forma geyə bilməyəcək.
Qeyd edək ki, Neftçi – Qəbələ görüşü noyabr 21-də, bazar günü Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
