16 noyabr 2010 22:48
Yubiley yoldaşlıq oyunu və 2010-cu ilə xoş vida arzusu ilə
Sabah Azərbaycan millisi növbəti oyununa çıxacaq. Azerisport.az xəbər verir ki, yoldaşlıq oyunu çərçivəsində səfərdə Çernoqoriya ilə qarşılaşacaq Berti Foqtsun çalışdırdığı əsas komandamız 2010-cu ildə 10-cu, həm də sonuncu oyununa çıxacaq.
Bu il millimiz əksər oyunlarını yoldaşlıq görüşü çərçivəsində keçirib. Son oyunları AÇ-2012-nin seçmə mərhələsinə təsadüf edən komandamız Almaniya və Avstriya ilə səfər darmadağınlarının ardından (1:6 və 0:3) doğma meydanda Türkiyə üzərində sensasion qələbə ilə azarkeşlərini sevindirə bildi. Rəsmi oyunlara qədər isə yığmamız İordaniya və Lüksemburq üzərində səfər qələbələrinə (müvafiq olaraq 2:0 və 2:1) sevinmiş, Moldova və Küveytlə 1:1-lik, Hondurasla qolsuz heç-heçəyə razılaşmış, yalnız Makedoniyaya 1:3 hesabıyla yenilmişdi. Göründüyü kimi, bu il komandamız üçün yoldaşlıq görüşləri bir qədər uğurlu alınmaqdadı. Deməli, Çernoqoriya ilə qarşılaşmada da ən azı məğlub olmayacağımıza ümid bəsləyə bilərik.
Millimiz Podqoritsada tarixinin 171-ci oyununu keçirəcək. Bu oyunlardan 98-də uduzub, 42-də heç-heçə edən Azərbaycan futbolçuları 31-i qələbəmizi rəsmiləşdirməyə çalışacaq. İndiyə qədər qapısında 304 top görən təmsilçimiz 115 qol vurmağı bacarıb ki, bu göstəricini də yaxşılaşdırmaq imkanımız var.
18 illik tarixi ərzində 89 yoxlama görüşü keçirən Azərbaycan yığması üçün Çernoqoriya ilə qarşılaşma yubiley xarakteri daşıyır. Millimiz 90-cı oyununda qələbə qazanmağı bacarsa, sınaq matçlarındakı 24-cü qələbəsinə sevinəcək. Belə oyunlarda 36 dəfə meydanı məğlubiyyətlə tərk edən futbolçularımız 30 dəfə də rəqibləriylə sülhə razılaşıb. Təbii ki, bu oyunlarda da top fərqi ürəkaçan deyil. 82 qol vurduğumuz halda, qapıçılarımızın tordan 118 top çıxarmasına şahidlik etmişik.
Berti Foqts isə yığmamızla birgə 32-ci oyununa çıxacaq. O, indiyəqədərki oyunların demək olar ki, yarısında məğlubiyyət acısı yaşayıb – 15 dəfə. Qalan oyunlardan 9-da heç-heçə qeydə alınıbsa, Foqtslu millinin 7 qələbəsinə sevinmişik. Foqts da top fərqinə görə köks ötürməyə məcburdur: 22-45.
Qeyd edək ki, Çernoqoriya 2010-cu ildə yoldaşlıq oyununda qarşılaşdımız digər rəqiblərlə müqayisədə daha da güclüdür. Hər halda elə bu komandanın AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində İngiltərəylə birgə yer aldığı qrupa liderlik etməsi çox şeydən xəbər verir. Lakin rəqibimizin baş məşqçisi bu qarşılaşmaya bəzi aparıcı oyunçuları çağırsa da, onları son anda millimizlə oyundan azad etdi. Onların içində ən önəmlisi isə şübhəsiz ki, İtaliyanın Roma klubunda forma geyən Mirko Vuçiniç idi. Belə təhlükəli hücumçunun komandamıza qarşı çıxış etməməsi çox önəmli məqamlardan olsa da, hər halda komandamızın da Podqoritsaya ciddi itkilərlə yollanması danılmazdır.
Bu mənada daha çox millinin kapitanı Rəşad Sadıqovun Türkiyə Superliqasında Eskişehirspor klubunun heyətində ciddi zədə alması vurğulanmalıdı. Komandamızın lideri bu üzdən səfərə də aparılmayıb. Onunla yanaşı Maksim Medvedyev, Samir Abasov, Rail Məlikov, Əfran İsmayılov kimi aparıcı oyunçular da zədə ucbatından komandamıza kömək edə bilməyəcək.
Ancaq bütün bunların fonunda ümid edirik ki, sabah Bakı vaxtı ilə 16:00-da start götürəcək Çernoqoriya – Azərbaycan matçı millimizin 2010-cu ili xoş əhval-ruhiyyədə yola salması baxımından düşərli olacaq. Hər halda futbolçularımız yoldaşlıq oyunlarındakı yubileyi də qələbəylə qeyd etmək şansını buraxmamalıdırlar. Axı elə bu yaxınlarda Türkiyə kimi rəqibini yenməyi bacaran Azərbaycan millisi daha ciddi uğurlar qazanmağı bacardığını isbatlayıb. Bunu etdiyi sensasiyalarla hamını təəccübləndirməkdə davam edən çernoqoriyalıların uğurlu seriyasına son qoymaqla da sübut etmək şansını qaçırmamalıyıq.
