17 noyabr 2010 00:00
Hiddink Türkiyə futbolundakı anormallıqlardan danışdı
“Türkiyədə futbola olan sevgi və istək çox böyükdür. Buna görə də, matç ərzində hər şeyə etiraz edirlər. Misal olaraq deyim ki, aşkar qayda pozuntusundan sonra hakim haqlı olaraq oyunu saxlayır və müvafiq qərar qəbul edir, ancaq dərhal onun ətrafı etiraz edən türk futbolçularla əhatə olunur. Bu normal deyil və bunu düzəltməliyik”. Azerisport.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Quus Hiddink söyləyib.
Sabah yoldaşlıq oyunu çərçivəsində öz ölkəsinin millisi ilə yoldaşlıq oyunu keçirəcək “ay-ulduzlular”ın çalışdırıcısı Amsterdamdakı matç ərəfəsində bir sıra maraqlı açıqlamaları ilə diqqət çəkib. Türk klublarının Avropada zəif çıxış etdiyini də xatırladan təcrübəli mütəxəssis bu barədə belə deyib:
“Türklər yığma komandalarını Avropanın ən yaxşı millilərindən hesab edirlər. Hazırda Türkiyəni Avropada Bursaspor və Beşiktaş təmsil edir. Onların durumuna nəzər salsaq, görərik ki, Türkiyə çempionu Bursaspor`un ÇL-dəki vəziyyəti heç də yaxşı deyil. Bunun bir çox səbəbi var. Artıq özümüzü də mühakimə etməliyik”.
“Əgər Türk futbolunun inkişafı istənilirsə, bir sıra önəmli məsələlərə diqqət ayrılması lazımdır. Məsələn, Avropadan transfer edilən bir futbolcu, bu ölkənin futboluna nəsə qatmayacaqsa, onu gətirməyin heç bir mənası yoxdur. Məncə klublar yerli oyunçulara daha çox şans verməlidirlər” deyə Hiddink bu məqama da etirazını dilə gətirib.
Hollandiyalı mütəxəssis yürütdüyü siyasətdə xüsusilə federasiyadan aldığı dəstəyin onun üçün çox böyük önəm daşıdığını da vurğulayıb: “Mənim üçün türklərin səbirli olub-olmaması o qədər də önəmli deyil. Gəncləşdirmə siyasətini daha çox federasiya prezidenti istəmişdi. Bu işi onunla birlikdə həyata keçirəcəyik. Bu üzdən istək və arzuluyam. Ən azından mənə dəstək verən federasiya prezidenti var”.
Hiddink sonda məşqçilik karyerasını nə vaxt və harda bitirəcəyinə dair də açıqlama verib: “Məşqçilik fəaliyyətimi Türkiyə millisində bitirmək istəyirəm. Arzum Türkiyə ilə AÇ-2012-yə getməkdir. Onsuz da həmin dövrdə 65 yaşım olacaq. Elə həmin il də karyeramın sonu olacaq”.
Qeyd edək ki, Türkiyə millisi AÇ-2012-nin seçmə mərhələsində millimizlə eyni qrupda yer alıb. Bu rəqiblə Bakıdakı ilk oyunda komandamız minimal hesablı qələbəyə sevinmişdi. Məhz həmin yenilgidən sonra Hiddink qardaş ölkə yığmasında ciddi islahatlara başlayıb.
