17 noyabr 2010 15:22
Yığmamız irəlilədi, rəqibləri yerində saydı
Futbol üzrə Azərbaycan millisi FİFA-nın dünya yığmalarının reytinq siyahısında növbəti addımını atdı. Azerisport.az xəbər verir ki, təmsilçimiz 381 xalla tarixində ilk dəfə 90-cı pilləyə yüksəldi. Lakin dünya futbol qurumunun son siyahısında diqqət çəkən başqa maraqlı məqamlar da az olmadı.
Məsələn AÇ-2012-nin seçmə mərhələsindəki bütün rəqiblərimiz sadəcə öz mövqelərini qorumaqla yadda qaldılar. Onların dəyişməyən reytinq vəziyyətləri belədir: Almaniya (4-cü pillə, 1489 xal), Türkiyə (29, 788), Аvstriya (49, 572), Belçika (62, 494) və Qazaxıstan (137, 169).
Ümumilikdə isə reytinq siyahısının ilk onluğunda ciddi dəyişiklik gözə dəymir. Belə ki, ilk 10 komanda sıralamasında yalnız Rusiyanın həmin cədvəldəki öz mövqeyini Misirə təhvil verməsi diqqət çəkir. İlk 10-luq isə belədir: İspaniya (1920), Hollandiya (1718), Braziliya (1493), Almaniya (1489), Argentina (1353), İngiltərə (1250), Uruqvay (1174), Portuqaliya (1102), Xorvatiya (1098) və Misir (1047).
Son ayda ən yüksək irəliləyişə Qrenada millisi (34 pillə irəliləybib) imza atdığı halda, Toqo yığması da 20 pillə geriləməsi ilə ən pis göstəriciyə imza atıb.
