17 noyabr 2010 19:08
Foqts Podqroritsada narazı qaldığı oyunçuların adlarını açıqladı
Millimizin baş məşqçisi Berti Foqts Çernoqoriya ilə yoldaşlıq oyunundan sonra keçirilən mətbuat konfransında bir sıra maraqlı fikirlər səsləndirib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis öncə meydan sahiblərini təbrik edib və ünvanlarına xoş sözlər söyləyib.
“Çernoqoriya millisini qazandığı qələbə münasibətilə təbrik edirəm. Meydan sahiblərinin çox yaxşı komandası var. Ümid edirəm ki, Çernoqoriya AÇ-2012-nin seçmə mərhələsini uğurla başa vura və qitə çempionatına gedə biləcək. Onların müdafiə xəttinə baxın. Hansı ki, həmin müdafiəni heç İngiltərə millisi yara bilməmişdi. Biz də eyni çətinliklərlə rastlaşdıq və bunu bacarmadıq”.
Daha sonra Elvin Məmmədovu əvəzləməsinin səbəbini izah edərkən, Foqts Vaqif Cavadovdan narazılığını dilə gətirib: “Elvini zədə aldığı üçün əvəzləmək məcburiyyətində qaldıq. Bu gün Vaqif istədiyimiz oyunu sərgiləyə bilmədi. O, başa düşməlidi ki, öz imkanlarının yalnız 60 faizini sərgiləyəcəksə, bu, beynəlxalq oyunlar üçün heç də yetərli deyil. Amma siz onu müdafiə edirsiz”.
Məğlubiyyətdə hava və qazon amilini də qabardan millimizin çalışdırıcısı digər narazı qaldığı futbolçuların da adını açıqlayıb: “Hava şəariti də hardasa çernoqoriyalıların istədiyi kimi idi və onlara köməyi dəydi. Cinahlarda yorğunluq hiss etdiyim üçün dəyişikliklərə əl atdım. Fərid Quliyev də zəif təsir bağışlayırdı. Ancaq burda onun lazımı dərəcədə ötürməylə təmin olunmadığı da az təsir göstərmirdi. Rahid Əmirquliyevlə Ruslan Abışova gəlincə, onlar dayaq yarımmüdafəçisi kimi Türkiyə ilə qarşılaşmada çox yaxşı təsir bağışlamışdılar. Ancaq bu gün həmin oyunu sərgiləyə bilmədilər. Bütün komanda sadəcə 75 dəqiqə mübarizə apardı və ondan sonra meydanda istədiyim oyundan əsər-əlamət görmədim”.
