18 noyabr 2010 02:31
Türkiyə üzərindəki qələbənin təsadüfi olması Podqoritsada təsdiqləndi
Futbol üzrə yığma komandamız 2010-cu futbol ilini uğursuz başa vurdu. Azerisport.az xəbər verir ki, komandamız yoldaşlıq görüşü çərçivəsində keçirilən ilin son oyununda səfərdə Çernoqoriyaya 0:2 hesabıyla məğlub oldu.
Bu nəticəni hardasa real hesab etmək olar. Hər halda oyundan bir neçə saat öncə açıqlanan FİFA-nın reytinqində Azərbaycan millisi tarixinin ən yaxşı göstəricisinə imza atıb, 90-cı pillədə qərarlaşmışdısa, çernoqoriyalılar 26-cı yerdə idilər. Bundan əlavə rəqibimiz hazırkı AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində öz qrupuna liderlik etdiyi halda, biz aşkar autsayderik.
Ancaq bütün bunlar heç də əsas vermirdi ki, biz Podqoritsada həm uduzaq, həm də bərbad oyunla yadda qalaq. Axı son oyununda Türkiyə kimi özündən güclü rəqibinə qalib gələn komandamızdan bu dəfə də çox şey gözləməkdə idik. Hətta baş məşqçi Berti Foqts da oyundan öncə yetirmələrindən ilk növbədə yaxşı oyun gözlədiyini bildirmişdi.
Lakin təəssüf ki, biz Türkiyəyə qarşı sərgilənən oyundan əsər-əlamət görmədik. Deyə bilərsiniz ki, Türkiyəyə qarşı forma geyən bəzi oyunçular bu dəfə düşərgədə yox idi, həmin oyunda qələbəmizin memarı Rəşad Sadıqov milliyə çağırılmamışdı. Superliqa oyununda zədələnən yığmamızın kapitanıyla yanaşı Samir Abasov, Maksim Medvedyev, Rail Məlikov, Əfran İsmayılov kimi aparıcı milli üzvlərinin kənarda qalması da müəyyən mənada öz təsirini göstərdi. Ancaq yerdə qalan futbolçularımız sadəcə meydana çıxıb, gəzişmək üçündürmü?
O baxımdan heç Çernoqoriya millisi də millimizə qarşı əsas heyətlə mübarizə aparmırdı. Elə olsaydı, yəqin ki, daha biabırçı hesabla məğlub ola bilərdik. Rəqibimizin əsas heyət oyunçularından 5 aparıcı oyunçu start heyətində yer almamışdı. Komandanın lideri Mirko Vuçiniçlə yanaşı, Everotiç, Yovanoviç, Beçiray kimi oyunçuları da gənclər əvəzləmişdi. Ən acınacaqlısı da, Çernoqoriyanın məhz gənclərdən təşkil olunan heyətlə qələbə qazanmasıdır.
Son oyundakı məğlubiyyətə görə ayrı-ayrı oyunçuları tənqid etmək yersiz olardı. Podqoritsada komanda şəklində bərbad oynadıq. Futbolçuları kimi, baş məşqçimiz də matçın gedişinə hansısa güclü təsir edəcək addımıyla seçilmədi. Onun rəqib həmkarı isə məhz ikinci hissədəki düzgün əvəzetmələri ilə komandasının qələbəsinə öz töhfəsini verdi.
Bütövlükdə komandamız meydanda çox istəksiz və yorğun görünürdü. Lakin bunu daha çox Türkiyə üzərindəki qələbədən sonra futbolçularda yaranan arxayınçılıq kimi də dəyərləndirmək olar. Digər tərəfdən bu oyunun Türkiyə üzərindəki qələbənin təsadüfi olmasının təsdiqi kimi də dəyərləndirmək olar. Hər halda inanaq ki, belə bərbad oyundan da sonra futbolçularımız papaqlarını qarşılarına qoyub, daha düzgün nəticələr çıxarmağı bacaracaqlar. Yeni futbol ilində azarkeşlərimizi ən azı yaxşı oyunla sevindirmək üçün.
ÇERNOQORİYA – AZƏRBAYCAN - 2:0 (0:0)
Qollar: İvan Peyoviç, 62 (1:0), Fatoş Beçiray, 73 (2:0).
Vərəqələr: Elvin Məmmədov, 22. Milan Yovanoviç, 80. Stefan Saviç, 82. Rahid Əmirquliyev, 82.
Baş hakim: Aleksandr Stavrov.
17 noyabr. Podqoritsa. Milli stadion.
Çernoqoriya: 1. Mladen Bojoviç (12. Srdan Blajiç, 46), 2. Savo Paviçeviç (21. Stefan Saviç, 69), 3. Marko Başa, 4. Radoslav Batak, 6. Mladen Kaşçelan, 7. Simon Vukçeviç, 10. Radomir Daloviç (8. Fatoş Beçiray, 56), 15. Milorad Pekoviç (k) (19. Draşko Bojoviç, 65), 16. Luka Peyoviç (17. Marko Çetkoviç, 75), 18. Deyan Demyonoviç, 22. İvan Fatiç (4. Milan Yovanoviç, 59).
Ehtiyat oyunçular: 14. Jarko Tomaşeviç.
Baç məşqçi: Zlatko Krançar.
Azərbaycan: 1. Kamran Ağayev, 5. Elnur Allahverdiyev, 21. Vladimir Levin, 3. Saşa Yunisoğlu, 4. Mahir Şükürov (k), 8. Aleksandr Çertoqanov (13. Cavid Hüseynov, 66), 19. Rahid Əmirquliyev (16. Amit Quluzadə, 85), 15. Ruslan Abışov, 17. Vüqar Nadirov, 10. Elvin Məmmədov (24. Fərid Quliyev, 46), 11. Rauf Əliyev (7. Vaqif Cavadov, 66).
Ehtiyat oyunçular: 12. Fərhad Vəliyev, 9. Aqil Nəbiyev, 18. Nodar Məmmədov.
Baş məşqçi: Berti Foqts.
