18 noyabr 2010 15:47
Rednik Xəzər Lənkəran`ın transfer planlarını açıqladı
Xəzər Lənkəran`ın baş məşqçisi Mirça Rednik milli komandaların yoldaşlıq oyunları ilə əlaqədar yaranan qısa fasilədən lazımınca yararlanmaq qərarına gəlib. Azerisport.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, cənub təmsilçisinin çalışdırıcısı bu müddətdə ölkəsinə yollanaraq, transfer çalışmaları ilə yaxından maraqlanıb.
Məlumatda bildirilir ki, artıq Rednik Buxarest Dinamo`su ilə seneqallı yarımmüdafiəçi Osman Ndoyenin transferi haqda demək olar ki, bütün problemləri yoluna qoyub. Hotel Minerva`da 32 yaşlı oyunçunun özü və agenti ilə görüşən Rednik klub rəhbərliyini də razı salmağı bacarıb. Tərəflər arasındakı danışıqlara görə, artıq seneqallının yanvarda Xəzər Lənkəran`a gəlişi nəzərdə tutulub. O, 6 ay Lənkəranda icarə əsasında çıxış edəcək və Dinamo bundan 100 min avro qazanacaq.
Rednikin səfər əsnasında yerli jurnalistlərə qış transfer planları barədə də danışıb: “Mənə iki yarımmüdafəçi (biri cinah, digəri mərkəz), bir müdafiəçi və hücumçu lazımdı. Xəzər Lənkəran ona lazım olan oyunçunu almaq üçün hər cür imkan malikdir. Lakin bu o demək deyil ki, biz pulumuzu çölə atmağa hazırlaşırıq. Məsələn, Banel Nikolitaya görə milyon avro vermək fikrimiz yoxdu. Onun qiyməti 500 min avrodu, çox yox”.
Lakin maraqlıdır ki, Rumıniya mətbuatının yaydığı bütün bu informasiyaları Xəzər Lənkəran rəsmiləri azerisport.az-a açıqlamalarında təkzib ediblər.
