18 noyabr 2010 17:51
Foqtslu yığma yenə qrupda 5-ci olmağa doğru gedir
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsindəki rəqiblərimiz də dünən yığmamız kimi yoldaşlıq oyunlarında qüvvələrini sınadılar. Azerisport.az xəbər verir ki, biz Podqoritsadan məğlub döndüyümüz gündə rəqiblərimiz də müxtəlif nəticələrlə barışmalı oldular.
Türkiyə səfərdə Hollandiyaya, Avstriya doğma meydanda Yunanıstana yenildiyi halda, Almaniya İsveçlə qolsuz heç-heçəyə razılaşdı. Ən böyük sensasiya, həmçinin yeganə qələbə isə Belçikadan gəldi. Həmin Belçika ki, millimizin seçmə mərhələdə bu rəqibi qabaqlayacağına ümid bəsləyirik. Corc Leekensin yetirmələri səfərdə Rusiya millisi üzərində 2 cavabsız qolla qələbə qazanmaqla, çoxlarını təəccübləndirdilər.
Özü də bu qarşılaşmada millimizin rəqibinə qələbə qazandıran qolları bir futbolçu vurdu. Dubla imza atan Romelu Lukakunun hələ yenicə parlamaqda olduğunu xüsusi vurğulamaq bəlkə də çox da böyük əhəmiyyət daşımır. Ancaq bütövlükdə Belçika millisinin heyətinin sırf böyük gəcələk vəd edən gənclərdən qurulduğunu vurğulamaq borcumuzdur.
Bəlkə də çoxları belə düşünə bilər ki, belçikalıların da hazırda gəncləşdirmə siyasəti aparması lehimizə işləyə bilər. Yəni ən azı Bakıda bu rəqib üzərində qələbə qazanacağımıza bel bağlayanlar az deyil. Ancaq nəzərə alsaq ki, biz Rusiya kimi rəqiblə evdə çox böyük çətinliklə heç-heçəyə razılaşdığımız halda, Leekensin komandası səfərdə bu rəqibini iki cavabsız qolla yenir. Deməli indidən xoş xəyallar qurmağa hazırlaşmamalıyıq.
Belçika millisinin hazırda 4 oyundan yalnız 4 xal toplaması da heç kimi çaşdırmamalıdır. Hətta hazırda 7 xal toplamaqla qrupumuzun ikincisi olan Avstriya millisinin də belçikalılarla mübarizədə işi asan olmayacaq. Bəlkə də biz daha çox məhz avstriyalıları qabaqlamaq haqda düşünməliyik, nəinki belçikalıları. Baxmayaraq ki, Avstriya millisi ilə keçirdiyimiz ilk oyunda 3 cavabsız qolla məğlub olduq. Bu isə yenə uzaqbaşı qrupda 5-ci olacağımıza dair bədbin düşüncələrə rəvac verir.
Almaniya millisi də gəncləşdirmə siyasəti aparır. Son oyunda qolsuz heç-heçəylə kifayətlənsələr də, əsl gücləri hər kəsə bəllidi. Bizim milliyə xüsusi ilə. Azərbaycana sensasion şəkildə məğlub olan Türkiyə yığması da Hiddinkin rəhbərliyi altında yenidən qurulmaqdadı. Hollandiyalı mütəxəssisin bu sahədə necə peşəkar olduğunu isə artıq əvvəlki iş yerlərində görmüşük.
Yığmamız isə yarımcan Çernoqoriya ilə qarşılaşmada məzmunsuz oyunu və 0:2 hesablı yenilgisi ilə gələcəyə dair hər hansı ümid qığılcımının yaranmasına səbəb olmadı. İndi ən azı gələn ilə kimi belə qara düşüncələr içində millimizin aqibətini düşünməyə məcburuq. Bizim komandada gələcəyə nikbin baxmağa səbəb olan hansısa məqam varmı?
