19 noyabr 2010 15:40
Qurban Qurbanov: Qoy Berti Foqts adımı çəksin
Qarabağ`ın baş məşqçisi Qurban Qurbanov millimizin baş məşqçisi Berti Foqtsun dediyi sözlərə münasibətini açıqlayıb. Ağdam klubunun çalışdırıcısı azerisport.az-a açıqlamasında bildirib ki, almaniyalı mütəxəssisin haqqında danışdığı şəxs o olmayıb.
“Son dövrlər mətbuatda millinin təlim-məşq toplanışları haqda ancaq mən danışmışam. Buna görə də, onun nə demək istədiyi müəyyənləşdirə bilmirəm. Əgər o, bu sözləriylə məni nəzərdə tutursa, qoy ad çəksin. Bizim aramızda elə bir söhbətin olması yadıma gəlmir”.
“Mən Foqtsu başa düşürəm və bilirəm ki, o da hər şeyin yaxşı olması, millinin uğurları üçün edir. Bizim işimiz də bu yöndə ona lazımı dəstəyi göstərməkdi. Lakin o, başa düşməlidir ki, nəticə yalnız ondan tələb olunmur. AFFA rəhbərliyi kimi, Qarabağda da nəticə tələb edirlər. Mən də hər şeyin yaxşı olmasını istəyirəm. Düşünürəm ki, onunla bu yöndə ortaq məxrəcə gələ bilərik”.
Xatırladaq ki, millimizin çalışdırıcısı Podqoritsada keçirilən Çernoqoriya – Azərbaycan matçından əvvəl bir məşçqinin keçirdiyi təlim-məşq toplanışlarına görə ona öz minnətdarlığını bildirdiyini, daha sonra isə mətbuatda tənqid etdiyini açıqlamışdı.
