19 noyabr 2010 22:46
AZAL rəhbərliyi futbolçularla görüş keçirdi
Premyer Liqanın 14-cü turuna hazırlaşan AZAL bu gün təlim-məşq toplanışına cəlb edilib. Azerisport.az xəbər verir ki, saat 14:30-da "Şəfa" staionunda keçirilən məşqdən sonra komanda Airport otelinə yollanıb.
Qarabağ`la çətin oyun ərəfəsində AZAL rəhbərliyi də əsas komandanın üzvləri ilə görüşməyi unutmayıb. Saat 18:00-da Airport otelində klub rəsmiləri və futbolçuların iştirakı ilə yıgıncaq keçirilib. Tədbirdə AZAL PFK-nın prezidenti Vaqif Qasımov, vitse-prezident Elşad Babayev, baş menecer Fikrət Hüseynov və digər məsul şəxslər iştirak edib.
Öncə ötən turda MOİK-lə oyunda buraxılan nöqsanlara, komandanın vacib xallarının itirilməsinin səbəblərinə toxunulub. Daha sonra futbolçuların problemləri ilə maraqlanan klub prezidenti Qasımov onlara öz tövsiyyələrini də çatdırıb:
“MOİK-lə oyunda ümumilikdə bütün komanda zəif təsir bağışladı. İtirilən xallara biz də üzüldük. Futbolda belə hallar çox olur, amma bundan nəticə çıxarmalıyıq. Gələcək oyunlarda biz yenidən öz qələblərimizi qazanmalıyıq”.
