19 noyabr 2010 23:11
Ölkəmizdə çıxış edən futbolçu 2 il əvvəl qazandığı medalına bu gün qovuşdu
AZAL rəhbərliyinin bu gün futbolçularla keçirdiyi görüş komandanın serbiyalı legioneri Draqan Mandiç üçün daha əlamətdar olub. Azerisport.az xəbər verir ki, Premyer Liqanın son turunun MOİK-lə oyununda Azərbaycan Çempionatında 100-cü oyununu keçirən Mandiçə yubiley hədiyyəsi təqdim olunub.
2006-cı ildən paytaxt klubunun uğuru üçün çalışan yarımmüdafiəçinin xidmətini layiqincə qiymətləndirən rəhbərlik ona komandanın rəmzlərinin əks olunduğu futbolkanı bağışlayıb. Mandiçə verilən digər hədiyyə isə sırf onun peşəkar fəaliyyəti ilə bağlı olub.
Hələ 2007/08-ci il mövsümündə o zaman “Olimpik” adlanan klub çempionatın gümüş mükafatına sahib çıxarkən komandaya AFFA rəhbərliyi tərəfindən verilən medallar təqdim olunmuşdu. Lakin həmin uğurda böyük pay sahibi olan Mandiç nədənsə mükafatını almamışdı. Həmin vaxt yay tətili üçün Serbiyaya yollanan futbolçuya medalı təqdim etmək yaddan çıxmışdı. Amma klubun keçmiş rəhbərliyinin bu unutqanlığını aradan qaldıran prezident Vaqif Qasımov medal və diplomu sahibinə çatdırıb.
