20 noyabr 2010 00:00
Toni Adams: Neftçi`ylə dueldə də qələbə üçün oynayacağıq
Qəbələ`nin baş məşqçisi Toni Adams Premyer Liqanın növbəti turunun Neftçi ilə oyunu ərəfəsində Azerisport.az-ın suallarını cavablayıb. Təcrübəli ingilis mütəxəssis bir sıra maraqlı açıqlamalar verib.
Komandasının hələ inkişaf etdiyini deyən Adams istədiklərinə çatmaq üçün hələ çox çalışmalı olduqlarını düşünür: “Komandamız inkişaf edir. Ancaq bu hələ hamısı deyil. Bizi qarşıda daha böyük işlər gözləyir. Hələ öz məqsədlərimizdən çox uzağıq”.
Uğurlu seriyanı davam etdirmək istədiklərini bildirən Qəbələnin çalışdırıcısı bu yolda hücumçular və orta sahə oyunçuları qədər, müdafiəçilərdən də çox şey gözlədiyini bildirib: “Müdafiəçilər də qol vurmağı bacarmalıdırlar. Mən karyeram ərzində 50-yə yaxın qol vurmuşdum. Son turlarda biz heç də pis oynamırıq. Elə son turda İnter`ə qarşı da takitik planda rəqibimizə qətiyyən güzəştə getmədik. Hətta ikinci hissədə daha yaxşı oyun sərgilədik. Çünki həmin oyuna heç-heçə üçün gəlməmişdik. Çempiona qarşı oynasaq da, qələbə üçün çalışırdıq”.
“Neftçi`ylə də oyun çətin olacaq. Liderə qarşı oynamalı olacağıq. Amma yenə əsas məqsədimiz dəyişmir. Qələbə üçün oynayacağıq. Evdə bu komandaya yenilmişdik. Düşünürəm ki, belə komandalarla qarşılaşmalar bizim üçün bir imtahandır. Səfərdə çıxış etsək də, hətta heç-heçə də məni qane etməyəcək. Neftçi`ni mərkəzi arenada məğlub etmək istəyirik” – deyə Adams bildirib.
