20 noyabr 2010 00:16
Berti Foqts bu gün “Əfsanələrin oyunu”nda iştirak edəcək
Bu gün Almaniyanın Leypsiq şəhərində “Əfsanələrin oyunu” keçiriləcək. Azerisport.az xəbər verir ki, bu oyunda Azərbaycan millisinin baş məşqçisi Berti Foqts da iştirak edəcək.
Bu oyun Almaniya Demokratik Respublikası (ADR) və Almaniya Federativ Respublikasının (AFR) birləşməsinin 20-ci ildönümü münasibətilə keçiriləcək. Veteranların oyununda AFR-in heyətində 1990-cı ildə dünya çempionu olmuş futbolçular, həmçinin Yurgen Klinsmann, Lotar Matteus, Andreas Breme, Qvido Buhvald kimi sabiqlərin iştirakı gözlənilir. ADR-in heyətində isə Tomas Doll, Andreas Tom, Matias Zammer kimi keçmiş ulduzların çıxışı planlaşdırılır.
Qeyd edək ki, uzun müddət Almaniya yığmasının şərəfini qoruyan, hətta məşqçi kimi çalışan Foqts yığmamızın Çernoqoriya ilə oyunundan dərhal sonra ölkəsinə yollanmışdı. O, dekabrda millimizin Bakıdakı təlim-məşq toplanışı ilə əlaqədar ölkəmizə gələcək.
