20 noyabr 2010 00:36
Van Qal millimizə qol vuran futbolçunun satılmasını istəyir
Almaniyanın Bayern Münih klubunun baş məşqçisi Lui van Qal komandasının və Almaniya yığmasının ulduz futbolçusu Bastian Şvaynştaygerin satılmasını istəyir. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis bu haqda verdiyi son açıqlamalarda istəyini dilə gətirib. O, komandasının aparıcı üzvünün satılmasının səbəbini belə izah edib:
“Ümid edirəm ki, Şvaynştayger klubla sözləşməsini uzadar. Çünki mənə görə, yeni müqavilə imzalanmasa, satılması lazım gələcək. Bayern Münih bir tramplindir. Əgər 30 milyon avroluq təklif olduğu doğrudursa, bu məbləğdən imtina olunmamalıdır”.
Karl-Haynts Rummeniggenin bu oyunçunun əsla satılmayacağını söyləməsinə də münasibətini bildirən hollandiyalı mütəxəssis bunları vurğulayıb: “Mən bunu fərqli şəkildə edərəm və mənim çalışdırdığım komandalarda dediyim olar. İndiyə qədər çalışdırdığım komandalar hamısı çoxlu pul qazandılar”.
Qeyd edək ki, AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ilə eyni qrupda yer alan Almaniya millisinin şərəfini qoruyan Bastian indiyə qədər komandamıza qarşı keçirdiyi oyunlarda 1 dəfə qol vurmağa da nail olub. Təcrübəli yarımmüdafiəçinin klubuyla müqaviləsinin müddəti 2012-ci ilin sonunda başa çatacaq.
