21 noyabr 2010 21:31
Almir Hurtiç Muğan`dan istefa verməyib?
Premyer Liqanın ötən – 13-cü turunda Salyanda keçirilən Muğan - Neftçi görüşü meydan sahiblərinin baş məşqçisi Almir Hurtiçin istefasıyla nəticələndi. Azerisport.az xəbər verir ki, bosniyalı mütəxəssis komandasının doğma azarkeşlərin gözü qarşısında 0:3 hesablı yenilgisində sırf özünü günahkar bilərək, qarşılaşmadan dərhal sonra istefa qərarını açıqladı.
Lakin bu gün keçirilən 14-cü turun Xəzər Lənkəran – Muğan matçından sonra fərqli mənzərənin şahidi olduq. Belə ki, Lənkərandakı oyunun protokolu ilə tanış olmaq üçün Peşəkar Futbol Liqasının rəsmi saytına daxil olduqda, orda Salyan klubunun baş məşqçisi kimi hələ də Hurtiçin adının göstərilməsi diqqətimizi çəkdi.
Halbuki, bosniyalının gedişindən dərhal sonra bu komandanın sükanı arxasına komandanın məşqçilər korpusunda yer alan digər çalışdırıcı – Bəhmən Həsənov gətirildi. Elə komandanı cənub təmsilçisiylə görüşə də məhz o çıxardığı halda, baş məşqçi kimi niyə Almir Hurtiçin adının yazılması maraq doğurur.
