22 noyabr 2010 13:26
Xəzər Lənkəran`ın artıq yeni rekordçusu var!
Xəzər Lənkəran`ın 33 yaşlı yarımmüdafiəçisi Alim Qurbanov, Premyer Liqanın 14-cü turu çərçivəsində Lənkəranda keçirilən Muğan`la oyunda meydana çıxmaqla yeni rekorda imza atıb. Azerisport.az xəbər verir ki, o, 156-cı dəfə bu komandanın formasında meydana çıxmaqla, köhnə rekordu yeniləyib.
Qeyd edək ki, ötən tur Alim Xəzər Lənkəran`ın formasını 155 dəfə geyinmiş Rəşad Abdullayevə çatması ilə diqqət mərkəzinə düşmüşdü. Hazırda Neftçi`nin şərəfini qoruyan Rəşad “ağ-yaşıl” formadakı oyunlarının sayını artırmaq imkanından məhrum olduğundan, Qurbanov bu tur onu ötməyə də nail oldu.
Xəzər Lənkəran yaranan gündən komandanın heyyətində top qovan Alim Qurbanov 156-cı oyununda dubla imza atmaqla da yadda qaldı. Komandasının heyətində 11-ci dəfə fərqlənən Alim Muğan`la oyunda komandasının ən yaxşılarından olub. Təsadüfi deyil ki, baş məşqçi Mirça Rednik də qarşılaşmadan sonrakı mətbuat konfransında onun ünvanına xoş sözlər səsləndirmişdi.
