22 noyabr 2010 15:23
Yeni imicli Vaqif Cavadovun ən sevimli komandası (FOTO)
Bakı`nın və Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadov Toplu Bakı jurnalına müsahibə verib. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir:
- Futbola gəlişini necə xatırlayırsan?
- Ailəmizdə futbolçular olub. Əmim İsgəndər Cavadovu Azərbaycanda tanımayan yoxdur. Atam da futbolçu olub. Belə bir ailədə doğulan uşağın da futbola həvəs göstərəcəyi təbii idi. Belə də oldu. 5 yaşımda atam məni Azərbaycan Dövlət Bədən Tərbiəsi və İdman akademiyasının stadionunda, Vaqif Paşayevin rəhbərlik etdiyi uşaq futbol qrupuna yazdırdı.
- İlk uğurlar...
- Vaqif müəllimin rəhbərlik etdiyi Real komandası ilə 11 yaşımda yeniyetmələrin Bakı birinciliyində üçüncü yer tutduq. Mən özümdən bir yaş böyüklərlə oynayırdım. Həmyaşıdlarımdan seçildiyim üçün məşqçilərin məsləhəti ilə atam qərara gəldi ki məni Moskvaya aparsın. Bakıda ev- eşiyimizi satıb, köçdük Moskvaya. Yeddi il Rusiyada yaşadıq.
- ÇSKA–nın uşaq futbol məktəbinə keçidin necə alındı?
- Əvvəlcə Dinamo`nun yeniyetmələr üçün məktəbində başladım. 3 ay orada məşq etdikdən sonra digər Moskva klubu Torpedo`da oynadım. Bir il bu klubda olandan sonra ÇSKA məşqçiləri məni bəyənərək bu kluba gətirdi. 6 ilə yaxın bu klubun şərəfini qorumuşam. İlk dörd ili həmyaşıdlarım arasında keçirilən çempionatlarda oynadım. 2 il isə əvəzedici komandanın heyətində Rusiya birinciliklərində top qovdum.
- O vaxt səninlə birgə oynayan futbolçulardan indi Rusiya Premyer Liqasında oynayanlar var?
- Əlbəttə var. Rusiyada çoxlu dostlarım var. Amkar`da oynayan müdafiəçi Vadim Qaqloev, Krılya Sovetov`un hücumçusu Aleksandr Salugin, Terek`in qapıçısı Soslan Canayevlə indi də dost münasibətlərimiz qalır.
- Azərbaycana dönüşün necə alındı?
- 16 yaşımda Şahin Diniyevin rəhbərliyi ilə Azərbaycan milli komandasından dəvət aldım. Millidə ən gənc futbolçu kimi tarixə düşdüm. Burada Qarabağ komandasından sərfəli təklif gəldi. Qayıtdım vətənimə.
- Qarabağ klubu ilə Azərbaycan kubokunu qazandın, Avropa liqasında iki mərhələ keçdin...
- Qarabağ premyer liqada bizim əsas rəqiblərimizdən olsa da, meydandan kənar mənim sevimli komandam olaraq qalır. Bu klubda çoxlu nailiyyətim olub. Ötən mövsüm Hollandiyanın Tvente klubuna keçməyimdə də bu klubun rolu oldu.
- Karyeranda növbəti ad - Bakı və onun uşaq futbolu...
- Bakı Azərbaycan futbolunda xüsusi çəkisi olan klubdur. Bu kluba keçidimdə onun hər zaman iddialı olması rol oynayıb. Yaxın illərdə Bakı tam peşəkar bir kluba kevriləcək. Uşaq və yeniyetmə futbol komandaları, mehmanxana, meydança və ləvazimatlar, brend idman geyimləri və s. bu gün Azərbaycan futbolçusu üçün də əlçatan olub. Bu işləri görən insanlara futbolçular adından təçşəkkürümü bildirirəm. Görülən işlər Azərbaycan futbolunun gələcəyi üçündür.
