22 noyabr 2010 20:23
Azərbaycan yığması yanvarda Belarus və Ukraynayla qarşılaşacaq
Bu gün Moskvadakı Futbol Evində yeniyetmələr arasında ənənəvi olaraq Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirin püşkatma mərasimi keçirilib. Azerisport.az Rusiya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, 8 komandanın yarışacağı turnirdə Azərbaycan millisi B qrupunda yer alıb.
17 yaşadək futbolçulardan ibarət milli komandaların iştirak edəcəyi yarışda komandamız Çin, Belarus və Ukrayna ilə eyni qrupa düşüb. A qrupunda isə Rusiya, İtaliya, Latviya və Finlandiya mübarizə aparacaq.
Qeyd edək ki, 2011-ci il yanvarın 3-9-da keçiriləcək bu turnirdə Azərbaycan futbolçuları da artıq ənənəvi olaraq iştirak edirlər.
