24 noyabr 2010 13:26
Qarabağ`ın zədəliləri artıq sağalmaq üzrədir
Qarabağ Premyer Liqanın növbəti turunda qarşılaşacağı Neftçi ilə oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, ağdamlılar bu günü 2 məşqlə başa vuracaq.
Artıq komanda səhər saatlarında Neftçi`nin keçmiş bazasında hazırlıq keçib. Meydanda isinmə hərəkətləri edən Qurban Qurbanovun yetirmələri daha sonra trenajor zalında çalışıb. Qarabağ`ın 2-ci məşqinin isə ADBTİA-nın meydançasında keçirilməsi nəzərdə tutulub. Məşqin başlama saatı 16:00-a nəzərdə tutulub.
Bu arada artıq komandanın zədəlilərindən Emin İmaməliyev tam sağalıb. Onun meydana çıxmasında heç bir problem yoxdur. Digər zədəlilərdən Andrey Rubins, Maksim Medvedev və Samir Abasov da sağalmaq üzrədir. Əfran İsmayılov hələ ki, məşqlərini fizioterapevt nəzarətində edirsə, əzələsini dartan Ayxan Abbasov artıq qaçmağa başlayıb.
