25 noyabr 2010 11:37
Azərbaycan çempionu üçün davam və ya tamam günü
Bu gün futzal üzrə UEFA kubokunun elit-raundunun B qrupunun oyunlarına yekun vurulacaq. Azerisport.az xəbər verir ki, ilk iki oyunundan birincisində qalib gəlib, ikincisində heç-heçəyə razılaşan təmsilçimiz Araz`ı çətin sınaq gözləyir.
Son Azərbaycan çempionu Naxçıvanın Araz klubu həlledici mərhələyə - “Dördlər finalı”na çıxmaq üçün son oyunda qarşılaşdığı VİZ-Sinara`ya sərfəli hesabla qalib gəlməlidir. Həmin VİZ-Sinara ki, qrupumuzun oyunlarına ev sahibliyi edən Rusiyanı, Sankt-Peterburqu təmsil edir və son turda Araz`ın çətinliklə yendiyi Ararat`ı 12:1 hesabıyla darmadağın edib. Lakin rusların hətta Araz`ı məğlub etsə belə, növbəti mərhələyə çıxmaq şansını itirməsi onların bir qədər istəksiz oynamasına səbəb ola bilər.
Komandamız isə “Dördlər finalı”na çıxmaq üçün bu rəqibini fərqli hesabla məğlub etmək məcburiyyətindədir. Çünki Kipr təmsilçisi Ararat`ı çətinliklə (2:1) yenən təmsilçimiz əsas rəqibi Montesilvano (İtaliya) ilə də heç-heçə etdikdən sonra indi çox çətin vəziyyətdə qalıb. Çünki Joze Alesio da Silvanın komandasını heç də asan yem olmayan meydan sahibləriylə çətin görüş gözlədiyi halda, italyanları son oyununda qapısında 12 qol görən autsayder Ararat`la asan oyun gözləyir. Deməli, daha yaxşı top fərqi ilə növbəti mərhələyə adlamaq şansına da məhz Montesilvano malikdir.
Maraq üçün qeyd edək ki, təmsilçimizin şansını artıran əsas məqamlardan biri oyununun bir qədər gec başlamasıdır. Çünki Montesilvano ilə Ararat bu gün Bakı vaxtı ilə 16:00-da qarşılaşacaqlarsa, Araz VİZ-Sinara ilə duelə 18:15-də çıxacaq. Deməli əsas rəqibinin top fərqini öncədən bilib meydana çıxacaq təmsilçimiz, buna uyğun öz işini görə bilər. Böyük ehtimalla Kipr təmsilçisinin hansısa sensasiyaya imza atacağına isə ümid bəsləməyə dəyməz.
Futzal
UEFA kuboku (Elit-raund)
Qrup mərhələsi
25 noyabr
16:00. Аrarat – Мontesilvano
18:15. Аrаz - VİZ-Sinara
Son tur ərəfəsində B qrupundakı son durum belədir:
1. Araz 2 1 1 0 4-3 4
2. Montesilvano 2 1 1 0 4-3 4
3. VİZ-Sinara 2 1 0 1 13-3 3
4. Ararat 2 0 0 2 2-14 0
