25 noyabr 2010 00:22
“İnter və Neftçi`dən xal aldıqsa, Simurq`u məğlub etməliyik”
Premyer Liqanın növbəti turunda Simurq ilə qarşılaşacaq Qəbələ`nin məşqçisi Qari Stevens bu oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, əcnəbi mütəxəssis Zaqatala klubuyla qarşılaşmada 3 xal qazanmağa borclu olduqlarını dilə gətirib:
“Növbəti oyunda Simurq`a qarşı çox mühüm matça çıxacağıq. Simurq yaxşı komandadır. Turnir cədvəlindəki yeri bizi yanıltmamalıdır. Turnir cədvəlində özümüzdən yuxarıdakı komandalardan xal aldıqsa, aşağıdakı komandadan üç xal almalıyıq. Yoxsa səfərdə aldığımız iki xalın əhəmiyyəti azalacaqdır”.
Stivens komandasının son oyunlardakı məğlubiyyətsiz seriyasına da münasibətini açıqlayıb: “Bizim son məğlubiyyətimiz 9 tur əvvəl Qəbələdə İnter`ə qarşı olmuşdu. Ondan sonra biz 8 matça çıxdıq və 4 heç heçə, 4 qalibiyyətlə 24 mümkün xaldan 16-sını topladıq. Bu müddət ərzində 7 qol vurduq, qapımızda isə yalnız bir qol gördük. Bu isə komandamızın yaxşı təşkil edildiyini və düzgün yolda irəlilədiyimizi göstərir. Son matçlarda bəzi anlarda şanslı olduğumuz və müdafiə xəttimizlə birlikdə qapıçımızın möhtəşəm oynaması həqiqətdir”.
“Bir neçə qol çox vura bilsəydik əla olardı, ancaq hər zaman ifadə etdiyim kimi topu tora daxil etmək futbolun ən çətin tərəfidir. Yəqin ki bizim rəqiblərimiz də bunu görürlər. Buna görə də biz qol yollarında daha yaradıcı olmalıyıq” – deyə Qəbələ`nin məşqçisi qeyd edib.
