25 noyabr 2010 00:42
Alonso və Ramos ingilislərə Azərbaycanı xatırlatdı
Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda Hollandiyada keçirilən Ajax ilə oyunun sonlarında bilərəkdən qırmızı vərəqə alan Madrid Real`ının futbolçuları Serxio Ramosla Xabi Alonso İngiltərə mətbuatını Azərbaycanı xatırlatmağa məcbur edib. Azerisport.az xəbər verir ki, ingilis həmkarlarımız elə də vacib olmayan oyun ərəfəsində “qırmızı” almaqla hesabındakı sarı vərəqələrin yuyulmasına çalışan bu oyunçulardan yazarkən Devid Bekhemi xüsusi vurğulayıblar.
Məsələ burasındadır ki, dünya şöhrətli bu futbolçu hələ 2004-cü ilin oktyabrında keçirilən Uelslə oyunda bilərəkdən qırmızı vərəqə almaqla, Bakıya gəlməkdən “imtina etmişdi”. DÇ-2006-nın seçmə mərhələsi çəçrivəsində eyni qrupda oynadığımızdan və Bakıdakı qarşılaşma elə də vacib əhəmiyyət kəsb etmədiyindən, Bekhemin belə addım atmasını müsbət qiymətləndirənlərlə yanaşı, ciddi tənqid edənlər də olmuşdu. İndi Real kimi klubun iki üzvünün bir oyunda eyni addımı atması ingilis həmkarlarımızın yadına həmin olayı bir daha xatırladıb.
