27 noyabr 2010 17:56
Neftçi`nin prezidenti: Məni qorxudan bir amil var
Neftçi PFK-nın prezidenti Sadıq Sadıqov azerisport.az saytına müsahibəsində Rubin və Everton`la əlaqələr, həmçinin Qarabağ`la baş tutacaq oyun barədə öz fikirlərini açıqlayıb.
- Gəlin söhbəti Bahodir Nasimova görə "Rubin"lə danışıqlardan başlayaq...
- Bu hücumçu Neftçi`yə lazımdır və bunun üçün onun transfer hüquqlarını Rusiya klubundan almaq niyyətindəyəm. Əgər baş tutmasa, bu halda özbək hücumçunun üç illik icarəsi üçün danışıqlara başlayacağıq. Kurban Berdıyevlə bizim çox yaxşı münasibətlərimiz var. Baxmayaraq avrokuboklara hazırlıqla əlaqədar olaraq o, Bakıya gələ bilməyəcək, əminəm ki, Rubin`lə razılığa gələ biləcəyik.
- Əgər sirr deyilsə, Rubin`in nümayəndə heyəti ilə danışıqlar zamanı bir sual müzakirə olunacaq, yoxsa siz yeni mətləblər ortaya qoyacaqsız?
- Yox, əlbəttə, biz bu komanda ilə əməkdaşlıq edirik və Kazan klubuna öz istedadlı futbolçularımızı təklif etmək fikrindəyik. Söhbət onların Rubin`in əsas heyətində oynamasından getmir. Qoy Rusiya klubunun məşqçiləri bizim gəncləri əvəzedicilərin oyunlarında yoxlasınlar. Əgər onlardan kimsə xoşa gəlsə, onda danışıqlar aparacağıq. Gənclərimizin inkişafı naminə onları buraxmağa hazırıq.
- Araz Abdullayevə görə Everton`la danışıqlar başa çatıb. Bu işlə bağlı yeniliklər varmı?
- Gələn həftə ingilis klubunun təmsilçiləri müqavilə bağlamaq üçün Bakıya gələcəklər. Biz müqavilənin imzalanma mərasimini keçirmək, sonra isə mətbuat konfransı təşkil etmək istəyirik. Mən Böyük Britaniyanın Bakıdakı səfirinə rəsmi məktub göndərmişəm və bu gün xanım Braunun bizim tədbirə təşrif buyuracağı barədə razılıq cavabını almışam.
- Sabah bütün futbolsevərləri Qarabağ`la Neftçi arasında maraqlı oyun gözləyir. Bu görüşlə bağlı sizin ümidləriniz?
- Çox çətin oyun olacaq, axı rəqib güclüdür. Qarabağ`ın yığmaya cəlb edilən oyunçuları uzun müddət toplanışda olublar və bu, çempionatın son iki oyununda oyunçulara öz təsirini göstərib. Ola bilər ki, yorğunluqdan onlar son oyunları uduzublar. Ancaq Qarabağ çox güclü komandadır, o özünə gəlib və bu həftəni bütünlüklə planlı şəkildə bizə qarşı oyuna hazırlaşıblar. Bu, iki güclü rəqibin qarşılaşacağı çox maraqlı oyundur. Qələbəyə ümid edirəm, ancaq hər iki komandaya uğurlar arzu edirəm.
- Komandanız çempionata liderlik edir. Bu haqda sizin fikrinizi bilmək istərdik. Bundan yəqin ki məmnunsuz?
- Əlbəttə, mən şadam ki, komandam liderdir. İnamlı oyun göstərərək çoxlu qol vururuq. Ardıcıl olaraq Nasimov və Flavinyo ölkənin ən yaxşı oyunçusu adını qazanıblar. Ancaq məni qorxudan bir amil var. Guya hakimlərin bizə köməyi ilə bağlı çoxlu söz-söhbət var. Bu açıq şayiələr komandaya mane olur.
- Daha bir məqam var. Çox söz-söhbət gəzir ki, Flavinyonu qəsdən zədələyiblər...
- Bunu təsdiqləyə bilmərəm. Hər halda Muğan`ın gənc oyunçusu bundan sonra üzr istədi. Heyf ki, biz Flavinyonu bir neçə aylığa itirdik. O, komandanın liderlərindən biridi. Onun Mpenza ilə yanaşı məşqlərində gənclərimiz inkişaf edir, göz qabağında artırırlar.
- Şayiələr gəzir ki, indi Nasimovu da "sındırmaq" istəyi növbədədir...
- Hətta bilmirəm nə deyim. Mən sezmişəm ki, bəzi oyunlarda rəqiblər Nasimova qarşı çox sərt oynayırlar. İnter`lə oyunda Bahodir lövhəyə çırpılanda düşündüm ki, o, öləcək. Muğan`ın oyunçuları da ona qarşı sərt oynayırdılar. Yeri gəlmişkən, o həmin oyunda penalti qazandı, ancaq penalti verilmədi.
- Siz Azərbaycana Olimpiada, dünya və Avropa çempionatlarından çoxsaylı mükafatlar gətirən idmançıları olan Neftçi Olimpiya İdman Mərkəzinə kifayət qədər uğurla rəhbərlik edirsiniz. Son ildə isə Neftçi PFK-nın rəhbəri oldunuz və klub liderliyə yüksəldi. Sirr deyilsə, buna necə nail olursunuz?
- On beş ildir idmandayam. Bunun altı ilini Neftçi Olimpiya İdman Mərkəzinə rəhbərlik edirəm. Etiraf edirəm ki, bütün bunları böyük məmnuniyyətlə edirəm. Axı qələbə olanda işləmək də xoşdur. Bu gündən isə işə daha da can yandıracağam.
- Sirr deyilsə, bu gün hansı gündür?
- Mən baba olmuşam.
- Təbriklərimizi qəbul edin.
- Çox sağ olun.
