30 noyabr 2010 15:32
Denis Silva: Onların çıxışı təkcə məni yox, hamını təəccübləndirir
Neftçi`nin braziliyalı müdafiəçisi Denis Silva klubun rəsmi saytına müsahibə verib. Azerisport.az xəbər verir ki, mərkəz müdafiəçisi Qarabağ`la son oyun, hazırkı durumları və AZAL ilə keçiriləcək növbəti oyunla bağlı fikirlərini açıqlayıb:
- Qarabağ`la son oyun necə keçdi?
- Oyun çətin keçdi, ancaq buna baxmayaraq, bizə lazım olan nəticəni əldə edə bildik. Rəqibimiz çox yaxşı oyun sərgilədi. Çünki Qarabağ Azərbaycanın ən güclü komandalarından biridir. Bu komandayla oyunda qalib gəlmək təkcə turnir cədvəlində yerimizi möhkəmlətmək üçün yox, həm də komandada motivasiyanın daha yüksək olması üçün vacib idi. Növbəti oyunda bu, bizim üçün stimul olacaq.
- Bu oyundan sonra komandada əhval-ruhiyyə necədir?
- Komanda daxilində əhval-ruhiyyə çempionatın əvvəlində olduğu kimidir. Futbolçular hər oyunda yalnız qələbə, layiqli mübarizə aparmaq və xal qazanmaq haqqında düşünür.
- Növbəti qarşılaşma süni örtüklü meydançada keçiriləcək, sənin üçün çətin olmayacaq ki?
- Təbii ki, çətin olacaq, çünki məşqlərimizi və oyunlarımızın əksəriyyətini təbii örtüklü meydançalarda keçiririk. Ancaq düşünürəm ki, bu amil bizim oyunumuza təsir etməyəcək, çünki biz peşəkar futbolçuyuq.
- Denis, sənin üçün təəccüblü deyil ki, AZAL komandası keçən ildən fərqli olaraq, daha yaxşı oyun nümayiş etdirir və turnir cədvəlində Xəzər Lənkəran`la 2-ci və 3-cü pilləni bölüşür?
- Düşünürəm ki, AZAL klubu hazırda Azərbaycan Premyer Liqasında ən yaxşı oyun sərgiləyən komandalardan biridir. Onların belə çıxışı təkcə məni yox, hamını təəcübləndirir.
