30 noyabr 2010 18:46
Qarabağ`dan Qurban Qurbanova tam dəstək
Ağdamın Qarabağ klubu bəyanat yayıb. Azerisport.az xəbər verir ki, klubun rəsmi saytı vasitəsilə yayımlanan bəyanatda rəhbərlik, son vaxtlar baş verən uğursuzluqlara görə müəyyən qədər günahlandırılan Qurban Qurbanova tam güvənildiyi və onun arxasında olduqlarını bəyan ediblər. Bəyanatın tam mətnini təqdim edirik:
“Qalibiyyətin sahibi çox olur, məğlubiyyət isə həmişə yetim olur. Bu məsəl günümüzün reallığında necə də gözəl səsləşir. Öz uğursuzluqları dillərini batıranda uğurlarına həsrətlə baxdığının uğursuzluğunda dilçək çıxarırlar.
Hər şey 2008-ci ilin avqustunda başladı. Hər məqamda Qarabağ`ın uğurlarını öz adına çıxanların Qarabağ`ı hansı məqamda qoyub getməsi hər kəsə məlumdu. O zaman klub rəhbərliyinin uzaqgörən siyasətiylə gənc Qurban Qurbanovu Qarabağ`a gətirəndə çoxları bu təyinata şübhəylə yanaşsa da, arxada qalan 30 aylıq müddətdə əldə edilən uğurlar tərəfsiz (!) insanlar arasında Qurbanovu ölkənin ən çox sevilən və qürur duyulan baş məşqçisi durumuna gətirib.
Bəli, 2008-ci ildə özünün qurmadığı heyətlə yola çıxan Qurbanov Qarabağ` rəhbərliyinin dəstəyini də arxasına alaraq, mübarizliyi, əzmkarlığı ilə ilk mövsümün sonunda ölkə kubokunu qazandı. Bu zaman cəmi 37 yaşı olan Qurbanov Azərbaycan futbol tarixinə düşdü. Qurbanov bu uğurla kifayətlənmədi. O, meydanda ani uğurların deyil, beyinlərdə inqilabın yetişməsinin vacibliyini siyasətiylə sübut etdi. Rusenborq`la oyunöncəsi Admir Teli istisna olmaqla bütün legionerləri yola salan, yaşlı futbolçularla vidalaşan Qurbanovu nə qədər tənqid etsələr də, rəhbərlik ona inandı və dəstəklədi. Və onun inqilabı Azərbaycan futbol tarixinin ən böyük uğurunu qazandırdı.
O, Azərbaycan futbolçusuna inanmağı, ona qələbə qazanmaq ruhunu öyrətdi. Bu gün Qarabağ`ın uğurlarını özlərinin yaratdıqları sistemlə əlaqələndirənlər Qarabağ`ın heyətinə bir nəzər salsınlar. Onların dövründən sadəcə Fərhad Vəliyev (Qarabağ`ın yetirməsi deyil), Maksim Medvedev və Rauf Əliyev (hər ikisi Hemdi Serpil Tüzünün tapıntısı) qalıb. O Raufu ki, hələ Böyükağa Ağayev 16 yaşında olanda derbidə Neftçi`ylə oyunda komandada debüt etməsinə şərait yaratmışdı. Qurbanov 2 il yarım ərzində yaratdığı komandada komandanı qoyub qaçanların hansısa izini göstərə bilərsizmi? Komandanın uğursuzluqlarında millinin təlim-məşq toplanışlarının gətirdiyi yorğunluğu əsassız sayanlar vaxtilə bu toplanışları tənqid etdiklərini ne tez unutdular?
Qurbanov Azərbaycan futbolçusuna inanmağı, ona qələbə qazanmaq ruhunu öyrətdi. O, ölkə prezidentinin zənginin yaratdığı qürurü gizlədəcək qədər təvazökar xarakterində daim bir məqsəd olub: Azərbaycan futboluna xidmət etmək. Qarabağ`ı dünyanın ən yaxşı klubları sırasında tək təmsil edən komandanın baş məşqçisi kimi Qarabağ`dakı məşqçilik karyerasının 2-ci ilində də Qarabağ`a uzun müddətdən sonra bürünc medalları qazandırdı. Ardıcıl 2-ci ildə Avroliqada azərbaycanlı futbolçularla tarix yazan, azərbaycanlıların qüruru olan Qarabağ` baş məşqçisi məhz o, idi.
Amma futbol elə bir oyundu ki, o daim qeyri-adi nəticələri, dəyişkən ruhu və gözlənilməzlikləri ilə idmanın şahıdır.
Avroliqadakı uğurlardan sonra hər kəsin Azərbaycan çempionluğuna bir nömrəli namizəd göstərdiyi Qarabağ` məhz futbolun yazılmamış qanunlarının qurbanı oldu. 6-7 futbolçusunun daim zədələnməsi, bəxtin üz döndərməsi kimi və s. amillər Qarabağ`ın bu gün heç də arzulamadığımız pillədə qərarlaşmasına səbəb oldu.
Təbii ki, belə məqamda son 2 ildə Azərbaycan futbolundakı inqilabıyla ölkəmizin ən sevilən komandasına çevrilmiş Qarabağ`ın qeyri-qənaətbəxş çıxışının müzakirə edilməsini normal qarşılayırıq. Bir daha rəsmi olaraq bildirik ki, Premyer Liqada bir klubun başında ən uzun müddətdə olan Qurban Qurbanova hər zaman olduğu kimi tam dəstəyi davam etdiririk. Azərbaycanın beynəlxalq aləmdə ən uğurlu məşqçisi kimi Qarabağ` rəhbərliyi ona inanır və bu çətin günləri birgə səylərimizlə geridə qoyacağımıza əminik. Qurbanovun müqaviləsi kağız üzərində deyil, qarşılıqlı inam üzərində imzalanmış, daimidir. Qurbanov və Qarabağ` adlarının gələcəkdə də eyni məqsəd üçün səslənəcəyinə bir daha hər kəsə bəyan edirik”.
