1 dekabr 2010 14:57
Rəşad Sadıqov: Qurban Qurbanovun yerinə olsam, istefa verərdim
Milli komandamızın kapitanı, Türkiyənin Eskişehirspor klubunun müdafiəçisi Rəşad Sadıqovun müsahibəsi
- Zədənin durumu necədi?
- Yeni müalicə prosesi başladı. Bir həftə davam edəcək. Buna görə də həftəsonu Kayserispor`a qarşı oynaya bilməyəcəyəm.
- Bəs gələn həftə?
- Onu hələ ki, bilmirəm. Bu müalicənin gedişindən asılı olacaq.
- Komandanda vəziyyət necədi?
- Hər şey yaxşıdı. Hazırlıqlar normal şəkildə davam edir, əhval-ruhiyyə yüksək səviyyədədi.
- Səncə, Eskişəhirspor Super Liqada qala biləcək?
- Bizim məqsədimiz Super Liqada qalmaq yox, daha yüksək hədəflər uğrunda mübarizə aparmaqdı.
- «Qızıl top»la bağlı seçimini etmisən?
- Hə. Uesli Sneyderi seçdim.
- Niyə Sneyderə üstünlük verdin?
- O, ötən mövsüm İtaliya çempionu oldu, kuboku qazandı, həm də Çempionlar Liqasının qalibi oldu. Eyni zamanda Hollandiya yığması ilə dünya çempionatının finalına çıxdı, mundialda beş qol vurdu. Məncə, ötən mövsümün ən parlaq oyunçusu idi.
- Tək namizədin Sneyder idi?
- Yox, ikinci yerdə Xavi Hernandes, üçüncü yerdə isə Dieqo Forlan idi.
- Yəqin ki, Barcelona - Real oyununa baxmısan. Bu oyun sənə necə təsir bağışladı?
- Hə, baxdım. Bu gün hamımız belə gözəl oyuna görə Barcelona`ya minnətdarlıq etməliyik. Bu komanda futbolun korlanmasına imkan vermədi. 1995-96-cı illərdən sonra güc futbolu inkişaf etməyə başladı və bütün komandalar gücə üstünlük verdi. Amma bu gün Barcelona var ki, bütün rəqibləri ilə açıq, kombinasiyalı futbol oynayır, həmişə meydanda rəqibindən bir baş üstün olur. Biz də televiziya qarşısında oturub bu oyuna baxanda həzz alırıq.
- Keçmiş komandan Qarabağ`da vəziyyət heç də yaxşı deyil. Sən gedəndən sonra komanda uğursuzluq zolağından çıxa bilmir. Son turda Neftçi`yə də uduzdular. Nədi Qarabağ`ın dərdi?
- Neftçi ilə oyunda Qarabağ çox gözəl oynadı. Hətta Neftçi`dən üstün oyun sərgilədi. Demək olar ki, Neftçi`nin qol imkanları olmadı, amma Qarabağ çox sayda təhlükəli vəziyyət yaratdı. Rauf, Adamiya qol vurmaq imkanı qazansalar da, dəyərləndirə bilmədilər. İki mübahisəli penalti epizodu oldu. Amma Neftçi`nin hansısa yaddaqalan qol imkanı olmadı. Sadəcə, Ruslan Abışov gözlənilmədən hücuma qoşuldu və qol vurdu. Yəni bir ani səhv qola nəticələndi. Ümumiyyətlə, son oyunlarla müqayisədə Qarabağ Neftçi`yə qarşı daha yaxşı oyun sərgiləmişdi. Belə şeylər futbolda olur. Komandalar uğurlu nəticələrdən sonra uğursuzluq zolağına düşə bilər. Amma bu vəziyyətdə özünə qapanmaq, ruhdan düşmək olmaz. İrəliyə baxmaq, keçmişi unutmaq və qarşıdakı oyunlara köklənmək lazımdı.
- Qarabağ`ın əksər futbolçuları açıqlamalarında sənin gedişinin komandanın oyununa pis təsir etdiyini deyir. Onların fikrincə, liderlik keyfiyyətlərinlə komandanı arxanca apara bilirmişsən. İndi isə yerin görünür. Necə fikirləşirsən, Qarabağ`da sənin yerin görünür?
- Komandadan hər bir futbolçu gedəndə istər-istəməz onun yeri görünür. Təkcə mən yox, hamı üçün belədi. Bu gün Əfranın da yeri görünür, Samirin, Maksimin də, digərlərinin də… Heyətdəki itkiləri də nəzərə almaq lazımdı. Baxın, Qarabağ meydana hansı itkilərlə, hansı şərtlərlə çıxır. Mən komandadan transfer pəncərəsinin demək olar ki, son günündə getdim. Bu məşqçi korpusunun da gözləmədiyi bir şey idi. Bir sözlə, Qarabağ çox şeylərlə qarşılaşdı. Amma inanıram ki, komanda bu vəziyyətdən çıxa biləcək. Çıxa bilməsə də, faciə olmayacaq. Futbolda elə bir qayda yoxdu ki, komanda hər il uğur qazanmalıdı. Bu vəziyyətdə uşaqların toparlanması, daha mehriban olub, çiyin-çiyinə verib qara zolaqdan çıxmağa çalışması vacibdi. Günahkar axtarmaq lazım deyil. Oyunları da normaldı. Məsələn, Neftçi ilə matça baxdım. Çox yaxşı oyun sərgilədilər. Ruhdan düşməyə səbəb yoxdu. Başlarını aşağı salıb, oyunlarına hazırlaşsınlar.
- Artıq mətbuat da Qarabağ üçün çıxış yolu axtarmağa başlayıb. Hətta baş məşqçi dəyişikliyinin yeganə çıxış yolu olduğunu deyənlər də var. Doğurdanmı, Qarabağ`a yeni nəfəs lazımdı?
- Bunu kim deyibsə, öz fikridi. Mən kiminsə fikrinə münasibət bildirmək istəmirəm. Bu komandanı yaradan, uğur qazandıran Qurban Qurbanovdu. Uzun illərdən sonra Qarabağ`da nəticə qazanan adam o oldu. Düşünürlər ki, Qurban Qurbanov getsə, hər şey yaxşı olacaq? Mən onun yerinə olsaydım, özüm istefa verərdim ki, imicim zədələnməsin. Amma o, komandanı bu vəziyyətdə atıb getmək istəmir, işini davam etdirir. Başqası olsaydı, sentyabrda istefa verərdi. Çünki artıq özünə ad qazanmışdı, ardıcıl iki il Avropada uğurlu nəticələrə imza atmışdı. Amma o bunu eləmədi. Görürsüz ki, başını aşağı salıb, işini görür. Dostum olduğu üçün demirəm – bu, doğrudan da, belədi. Bunu görməyən kor olmalıdı. Hamı görür ki, Qurban Qurbanov Qarabağ`a nə qədər can yandırır, nələr edir. Amma rəhbərlik də bunu çıxış yolu olaraq görsə, o zaman deyəcək sözüm yoxdu. Çünki hər bir klubun öz strategiyası, öz hədəfləri var. Əgər bunu doğru hesab edirlərsə, bu addımı atsınlar. Uğur qazanacaqlarsa, yeni baş məşqçi gəlsin.
- Bir müddət əvvəl demişdin ki, iki futbolçumuz Türkiyə klublarının hədəfinə düşüb. Həmin futbolçuların qışda Türkiyəyə getməsi nə qədər realdır?
- Bəli, belə bir söz demişəm. Həqiqətən də bu məsələ var. Baxaq, görək qışda nə olacaq.
- Həmin futbolçular milli komandamızda oynayır?
- İndi bir söz desəm, onların kimliyi müəyyənləşəcək. Ona görə də gəlin, qışı gözləyək. Danışıqlar gedir, görək sonda nə olur.
- Futbolçularımızla maraqlanan klublar Super Liqanın iddialı kollektivləridi?
- İddialı klub dedikdə, aydındı ki, dörd böyük klub gəlib Azərbaycandan futbolçu almayacaq. Yəni ortabab klublardı.
- Özünün necə, Türkiyədə daha böyük hədəflər uğrunda mübarizə aparan kluba keçmək fikrin yoxdu?
- Eskişehirspor`da iki-üç il əsas heyətdə oynayım, komandanın əsas oyunçusuna çevirilim, bu mənim üçün kifayətdir.
(Milli.az)
